Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 08:48
Saçlara olduğu kimi, qaş və kirpiklərə də daimi qulluq edilməsi tələb olunur. Kifayət qədər vitamin və mikroelementlərlə zəngin olan düzgün qidalanma kirpik və qaşların böyüməsi və möhkəmlənməsinə kömək edir.
Qida rasionunda tərkibində fol turşusu (ispanaq, soğan, kahı, qara ciyər, böyrək, ət), həmçinin sink (noxud, yumurta sarısı, araxis-yerfındığı, badam, qoz) olan məhsullar olmalıdır. Gündəlik qulluğu da yaddan çıxarmaq lazım deyil.
Heç bir halda gözətrafı sahələrdən makiyajı silmədən yatmaq olmaz - bu kirpiklərə xeyli dərəcədə ziyan vuraraq onların tökülməsinə səbəb olur! Axşam saatlarında gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün ancaq xüsusi vasitələrdən istifadə etmək lazımdır. Axşamlar üzünüzü təmizləyərkən, eyni vasitə ilə qaşlarınızı da təmizləməyi unutmayın.
Təmizləndikdən sonra qaşlara və kirpiklərə vitaminləşdirilmiş qidalandırıcı balzam və ya yağlar (badam, ayıpəncəsi, gənəgərçək, çaytikanı, zeytun) sürtmək lazımdır. Kiçik yumşaq fırçanı hazırlanmış maskanın içərisinə saldıqdan sonra onu kirpiklərin üzərinə (gözə düşərək qıcıqlanma verməsinin qarşısını almaq məqsədi ilə bilavasitə kökləri olan nahiyədən deyil, təxminən orta hissəsindən başlayaraq) sürtmək lazımdır. Hazırda kirpiklərə qulluq vasitələrinin çox hissəsi kiçik fırçası ilə birlikdə şəffaf müalicə tuşu şəklində buraxılır. Onları da kirpiklərə tuş kimi sürtürlər. Qaşları da hər gün qabaqcadan gənəgərçək, ayıpəncəsi, badam yağında islatmaqla, kiçik firça ilə daramaq lazımdır.
Qaşların və kirpiklərin uzanmasını sürətləndirmək üçün aşağıdakı tərkibdən istifadə etmək olar: vitamin A-nın yağlı məhlulundan 15 damcı + Vitamin E-nin yağlı məhlulundan 15 damcı + hərəsindən 1 çay qaşığı olmaqla badam və gənəgərçək yağı. Yaxşıca qarışdırdıqdan sonra bu maskanı qaşlara və kirpiklərə sürtmək lazımdır. Bu tərkibdən mütəmadi olaraq istifadə edildikdə qaş və kirpiklərin keyfiyyəti xeyli dərəcədə yaxşılaşmış olur.
Qaşların masaj edilməsi də xeyirli hesab edilir: kiçik çimdikləmələr, qaşlara barmaqlarla yüngülcə təzyiq edilməsi, vibrasiya (şəhadət və adsız barmaqlarla qaşların üzərinə yüngülcə döyəcləmək). Göstərilən bütün bu hərəkətlər qaşların xətti boyunca burun üstü nahiyənin ortasından gicgahlara dogru olmalıdır.
Qadınların daha çox üzləşdikləri problemlərdən biri də qaş və kirpiklərin tökülməsidir. Əlbəttə ki, qaş və kirpik tükləri də (saçlar kimi) tökülməli və yeniləri ilə əvəz olunmalıdır. Lakin əgər siz qaş və kirpiklərinizin tökülməsinin çox olduğunu, onların seyrəldiyini görsəniz, ilk növbədə həkimə müraciət etməlisiniz. Qaş və kirpiklərin tökülməsinin səbəbləri qalxanvari vəzinin xəstəlikləri, streslər, dəri xəstəlikləri və s. da ola bilər. Qaş və kirpik tökülməsinin əsas səbəblərindən biri də onlara düzgün qulluq edilməməsi və ya heç bir qulluğun olmamasıdır. Əgər siz daimi olaraq gözlərinizin makiyajını silmədən yatırsınızsa, qaş və kirpiklərinizi tez-tez kimyəvi rəngləməyə məruz qoyursunuzsa, tez-tez kirpiklərinizi burur və uzadırsınızsa, bu onların keyfiyyətinin xeyli dərəcədə pisləşməsi və tökülməsi təhlükəsini yarada bilər.