Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 20:04
"Bloomberg Economics"in qiymətləndirmələrinə görə, bir çox mağazanın bağlandığı və səyahətin demək olar ki, mümkün olmadığı karantin məhdudiyyətləri dövründə dünya istehlakçıları 2,9 trln. ABŞ dolları toplayıblar.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu vəsaitlərin yarısı - təxminən 1,5 trln. dollar - ABŞ hökumətinin iki mərhələdə birbaşa maliyyə yardımı sayəsində amerikalı istehlakçılar tərəfindən toplanıb. Analitiklər qeyd edir ki, bu qənaət iqtisadiyyatın tənəzzüldən sonra daha sürətli bərpa olunmasına kömək etməlidir. Belə ki, istehlakçılar tezliklə topladıqları pulları mal və xidmətlərə xərcləməyə başlayacaqlar.
"Bloomberg Economics"in mütəxəssisləri qeyd edirlər ki, pula ən çox qənaəti yüksək həyat səviyyəsi olan, bir neçə ciddi karantin məhdudiyyəti (lokdaun) yaşayan ölkələrin istehlakçıları tərəfindən edilib. Bu ölkələr sırasına ABŞ, Çin, Böyük Britaniya, Yaponiya və Avrozonanın ən böyük ölkələri (Almaniya, Fransa, İspaniya, İtaliya) daxildir. Belə ki, Çində istehlakçılar 2,8 trln. yuan (430 mlrd. dollar), Yaponiyada - 32,6 trln. yen (300 mlrd. dollar), Böyük Britaniyada - 117 mlrd. funt sterlinq, Almaniyada - 142 mlrd. avro, Fransada - 125 mlrd. avro, İspaniyada - 66 mlrd. avro, İtaliyada isə 54 mlrd. avro toplaya bilib.