Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 19:14
8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın müxtəlif ölkələrində minlərlə qadın fəal gender bərabərliyi, daha yaxşı iş şəraiti və qadınlara qarşı şiddətə son qoyulması tələbi ilə etiraz yürüşləri keçirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, tarixi 1857-ci il martın 8-i ABŞ-ın Nyu-York şəhərində bir tikiş fabrikinin qadın işçilərinin nümayişinə və onların fabrikə qapadılaraq faciəvi şəkildə öldürülməsinə dayanan bu gün mahiyyəti etibarilə bütün təbəqələrdən olan qadınların nail olduğu iqtisadi, siyasi, sosial və mədəni uğurlarının qəbul edilməsi, qadın haqları uğrunda gedən mübarizə tarixi və günümüzdə bu sahədə mövcud olan problemlərə diqqət çəkmək məqsədilə beynəlxalq səviyyədə qeyd olunur.
Dünyanın bir çox ölkəsində koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, ötən gün qadın fəallar tərəfindən etiraz yürüşləri keçirilib.
Asiya, Orta Şərq, Avropa, Latın Amerikası və Şimali Amerika ölkələrində minlərlə insan küçələrə çıxıb.
Həmin yürüşlərdən fotoları təqdim edirik:
Hindistanda yaşayan əfqanıstanlı qaçqın qadınlar Yeni Dehli şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən nümayişlərdə iştirak edib.
"Təcavüz insanlıq cinayətidir" yazılmış plakat tutan Uyğur nümayişçilər Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan nümayişdə Çinin uyğurlara qarşı siyasətinə etiraz ediblər.
Almaniyanın Berlin şəhərində koronavirus pandemiyası fonunda insanlar Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən nümayişdə iştirak ediblər.
Kosovanın Priştina şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlara zorakılığa qarşı keçirilən mitinqdə qadınlar əllərində plakatlar tutub və şüarlar səsləndiriblər.
İndoneziyanın Cakarta şəhərində qadınlar etiraz aksiyasında iştirak ediblər.
Nepal, Katmanduda qadınlar vergisiz sanitariya məhsulları tələbi ilə keçirilən mitinqdə iştirak ediblər.
"Non una di Meno" hərəkatının fəalları İtaliyanın Roma şəhərində İqtisadiyyat Nazirliyinin qarşısında struktur zorakılığına və iqtisadi azadlıq tələbi ilə nümayiş keçiriblər.
Yaponiyanın Tokio şəhərində nümayişçilər gender əsaslı zorakılığa və ayrıseçkiliyə qarşı mitinqdə iştirak ediblər.
Qazaxıstanın Almatı şəhərində təşkil olunan yürüşdə iştirak edən bir qadın "Patriarxiyatı vur" yazılı zərb alətində ifa edib.
Rumıniyanın paytaxtı Buxarestdə hökumət binası qarşısında qadınlar feminist etiraz aksiyasında iştirak ediblər.
Pakistanın İslamabad şəhərində qadın polis əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan mitinq zamanı qadın fəalları müşayiət ediblər.