Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 17:24
Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin bəzi yaddaqalan obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Sonxeber.net Modern.az-a istinadən Azərbaycan tamaşaçıları üçün baxımlı ekran əsərlərindən biri olan "Bəyin oğurlanması" filmindən bəhs edəcəyik.
1986-cı ildə ekranlara çıxan "Bəyin oğurlanması" kinokomediyasının ssenari müəllifi Mövlud Süleymanlı, quruluşçu rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayevdir.
"Bəyin oğurlanması" filminin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır.
Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada maraqlı əhvalatlar bir-birinə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin adət-ənənələri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.
Filmdə çox maraqlı aktyor heyəti cəmləşib. Burada kimlər yoxdur... Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Mirzə Babayev, Arif Quliyev, Səməndər Rzayev, Ələsgər Məmmədoğlu, Lətifə Əliyeva, İlham Namiq Kamal, Eldəniz Zeynalov, Muxtar Maniyev, Ramiz Əzizbəyli, Şamil Süleymanov, Firəngiz Mütəllimova... Hamısı yaxşı mənada "əşdaha oyunçular"dı... Elə filmi tamaşaçılara sevdirən də onlar olub.
Filmin rejissorlarından biri Vaqif Mustafayev müsahibələrinin birində demişdi: "Mən bu filmi çəkdiyimi həmişə gizlədirdim və utanırdım. Lakin sonralar görəndə ki, tamaşaçı bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki, bəli, bu filmi mən çəkmişəm".
Adlarını qeyd etdiyimiz məşhur azərbaycanlı aktyor və aktrisalarla yanaşı, "Bəyin oğurlanması"nda keçmiş SSRİ məkanında tanınmış bir sənətkar da çəkilib. Bu, özbəkistanlı aktrisa Tamara Şakirovadır.
Yəqin ki, çoxlarınız fikirləşdiniz ki, söhbət filmdəki hansı rolun ifaçısından gedir... Onda diqqətinizə çatdıraq ki, özbək aktrisa Tamara Şakirova "Bəyin oğurlanması"nda Nigar rolunu canlandırıb.
Bu yerdə bir haşiyə çıxaq: "Bəyin oğurlanması" filminin quruluşçu rejissor işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. T.İsmayılov hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri apararkən o, filmdə çəkəcəyi aktyor və aktrisaları belə, seçmişdi. Lakin gözlənilmədən vəziyyət dəyişdi. Tofiq İsmayılov filmdən uzaqlaşdırıldı, Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər. Və filmin yeni rejissorları bütün rolların ifaçılarını dəyişdirdilər, təkcə Nigarı canlandıran Tamara Şakirovadan başqa..
Görünür Tamaranın qeyri-adi istedad sahibi olması rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevi tam razı salmışdı ki, onlar özbək aktrisadan imtina etmədilər.
Yəqin ki, Tamaranın "Bəyin oğurlanması"ndakı rolunu xatırladınız: Nəsibə xalanın həyətindəki süfrə arxasında əyləşən iki gənc xanımdan biri. O xanım ki, Nəsibə Zeynalova ona "bu kinolarda oğlanla qız öpüşür ee, görəsən doğrudan öpüşürlər, yoxsa ayalndan?" deyə müraciət edir.
Tamara Şakirova təkcə aktrisa deyildi, onun gözəl musiqi duyumu və ifa qabiliyyəti də var idi - istənilən musiqi növünü pianoda çalır və həm də təkrarsız şəkildə oxuyurdu.
Tamara Şakirova 26 noyabr 1955-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənddə doğulub. O, ilk dəfə filmə 14 yaşı olanda, hələ məktəbliykən çəkilmişdi. Daha sonra bu çəkilişlərin ardı-arası kəsilmədi...
Tamara Şakirova 1973-cü ildən "Özbəkfilm" kinostudiyasının aktrisası kimi işə başlayıb. O, Daşkənd Teatr İnstitutunun aktyorluq şöbəsini qiyabi bitirmişdi.
1983-cü ildə Özbəkistanın əməkdar artisti adına layiq görülmüş istedadlı aktrisa sovet kinosunun tanınmış simalarından sayılırdı. Tamara Şakirova öz karyerası ərzində onlarca yaddaqalan obraz yaradıb. "Özbəkfilm"in çəkdiyi "Xarəzm əfsanəsi", "Simurq", "Odlu yollar" kimi filmlər onu keçmiş SSRİ məkanında məhşurlaşdırmışdı.
Tamara Şakirova Azərbaycanda çəkilmiş 3 filmdə oynayıb: "Çətirimiz buludlardır" (1976), "Bəyin oğurlanması" (1986) və "Qırmızı qatar" (1993).
İstedadlı aktrisa 2012-ci il fevralın 22-də 57 yaşında xərçəng xəstəliyindən ölüb.
Həmin ərəfədə aktrisanın qızı, Özbəkistanın tanınmış müğənnisi Rayhon Qəniyeva anasının vəfatı ilə əlaqədar əvvəlcədən elan olunmuş konsertini ləğv etmək məcburiyyətində qaldı.
Mərhum aktrisanın əri Otabek Qəniyev özbək kinorejissoru Nəbi Qəniyevin nəvəsidir. Onların iki qızı doğulub. Yuxarıda adı çəkilən Rayxon və Nəsibə.