Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 18:20
"Nike", "Adidas", "H&M", "Burberry" və bir sıra digər tanınmış brendlər istehsalında məcburi əməyin tətbiq olunduğu iddia olunan Sintszyan-Uyğur Muxtar Rayonundan pambıq alışını dayandırıblar. Bu isə Çin dövləti və cəmiyyəti tərəfindən sərt reaksiyaya səbəb olub. Çin vətəndaşları sözügedən brendləri boykot etməyə başlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Çin mətbuatında dərc edilən xəbərlərə görə boykotdan ən çox zərər görən "H&M" markası olub. Belə ki, markanın Apple Maps və Baidu Maps-də mağazalarının ünvanı silinib. Bundan əlavə, "H&M" Çinin ən böyük e-ticarət platformalarından çıxarılıb.
Onlarla çinli məşhur "Nike", "Adidas", "Puma", "Converse", "Calvin Klein", "Tommy Hilfiger" və "Uniqlo" markaları ilə əlaqələrini kəsəcəklərini açıqlayıb.
"Bloomberg" nəşrinin məlumatına görə, alman markası "Hugo Boss AG" əvvəlcə Çin sosial şəbəkəsindəki "Weibo" hesabında muxtar bölgədən pambıq almağa davam edəcəyini açıqlayıb. Lakin sonradan şirkət açıqlamanın təsdiqlənmədiyini və yığışdırıldığını bildirib.
"Hugo Boss" veb saytındakı başqa bir yazıda şirkətin məcburi əməyə tolerantlıq göstərməyəcəyini bildirib və tədarükçülərini də ondan nümunə götürməyə çağırıb.
Sintszyan-Uyğur Muxtar Rayonu hökumətinin sözçüsü Syu Qyusyan "H&M"nin Çinin Sintszyan məsələsinə ciddi yanaşmalı və ticarət fəaliyyətinə siyasət qatmamalı olduğunu bildirib.
Boykot fonunda ötən həftə "Wall Street"də "Nike" səhmləri 3% , "Adidas" səhmləri 6%, Londonda isə "Burberry" səhmləri 4% dəyər itirib. İsveç markası "H&M" səhmləri də təxminən 2% azalıb.