Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2019 09:36
Bakı. Elçin Mehdiyev - Trend:
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışından sonra ən çox diqqət verilən sahələrdən biri Azərbaycan gəncliyi və onun qarşılaşdığı problemlər idi. Milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər və idman siyasətinin müəyyən edilməsi, həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin yaradılmasında məqsəd Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ümumilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daim hazırlıq ruhunda tərbiyə edilməsi idi.
Bu fikirləri Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
Millət vəkilinin sözlərinə görə, nazirliyin qarşısında duran əsas vəzifələrdən biri də gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət növlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində milli proqramların həyata keçirilməsini təmin etməkdən ibarətdir:
"Ötən dövr ərzində gənclər siyasəti, gənclərlə iş sahəsində və idman sahəsində bir sıra mühüm nəticələr əldə olunmuşdur. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula 1 Bakı Qran Pirisi və IV İslam Həmrəyliyi Oyunları nəticəsində isə daha böyük vüsət almışdır. 2005-2009 və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramları uğurla həyata keçirilmiş və hal-hazırda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı müvəffəqiyyətlə həyata keçirilir. Hazırda 48 ölkəni təmsil edən 3900-dən çox idmançı və texniki heyyətin iştirakı ilə Bakı şəhərində XV “Avropa Gənclər Yay Olimpiya Festivalı” keçrilir".
R.Əliyev qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədə uğurlarımız ildən-ilə artır:
"Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra Azərbaycanda digər sahələr kimi idman sahəsi də inkişaf etməyə başladı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də Respublikanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu sahənin inkişafına xüsusi diqqət göstərir.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb".
Millət vəkili əlavə edib ki, respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya İdman Kompleksləri, stadionlar, idman zalları tikilərək gənclərin istifadəsinə verilib:
"2019-cu ildə ölkəmizdə Olimpiya İdman Komplekslərinin ümumi sayı 47-yə çatdırılacaq. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması idmana marağı daha da artırıb. Azərbaycanda idmana dövlət qayğısı, idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda çoxlu sayda medallar və mükafatlar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.
Bu gün ölkəmizdə idman təkcə yeniyetəmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəblər səviyyəsində inkişaf etdirilir. Digər sahələr kimi idman sahəsinin də müasir tələblərə cavab verən qanunveicilik bazası yaradılmışdır. “Bədən tərbiyəsi və idman haqqında” Qanun Ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistemliyini təmin edir. Qanunda göstərilir ki, bu sahədə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi - idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir.
Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, ölkəmizdə gənclər və idman siyasəti bundan sonra da uğurla həyata keçiriləcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin