Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərqşünaslıq İnstitutunda soyqırıma həsr olunan tədbir keçirildi - FOTO

Şərqşünaslıq İnstitutunda soyqırıma həsr olunan tədbir keçirildi - FOTO

Tarix: 31 Mart 2021 18:06

Martın 31-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

İnstitutdan Sonxeber.net-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib. G.Baxşəliyeva qeyd edib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələri və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Akademik ermənilərin tək indiki Azərbaycan Respublikasının ərazisində deyil, həmçinin Cənubi Azərbaycanda da kütləvi qırğınlar, soyqırım törətdiklərini qeyd edib.

G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb. O, İnstitutda ermənilərin törətdikləri soyqırımlara, işğalçı siyasətinə aid onlarla kitabın işıq üzü gördüyünü qeyd edib. Bildirib ki, 1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində - Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törətdikləri soyqırımlar Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidinin Azərbaycan, rus, ingilis, türk dillərində çoxsaylı kitablarında əksini tapıb. Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları tərəfindən bir sıra kitablar yazılıb, iranlı müəlliflərin bu mövzuda əsərləri fars dilindən tərcümə edilib. Şərqşünaslıq İnstitutunun əməkdaşı Həsən Səfərinin farsdilli mənbə və qaynaqlar əsasında yazdığı "Cənubi Azərbaycanın: 1918-ci il soyqırımı" monoqrafiyasında Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətməsi araşdırılaraq təhlil edilib. G.Baxşəliyeva institutda bu mövzuda çap olunan digər kitablardan da danışıb.

Tədbirdə çıxış edən İnstitutun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsindəki Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalmasından danışıb.

Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımlarından danışaraq bildirib ki, tarixdən nəticə çıxarmaq lazımdır ki, bu cür hadisələr gələcəkdə bir daha təkrarlanmasın.

Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli ermənilərin "Böyük Ermənistan" yaratmaq xülyasından, azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı aksiyalardan danışıb.


Etiketlər:  Şərqşünaslıq İnstitutunda soyqırıma həsr olunan tədbir keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ