Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 13:32
"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmana əsasən, Sahil Abdulla oğlu Tahirli "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunub.
Qeyd edək ki, V.Talıbov martın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Sahil Tahirli bugünkü təyinatadək Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.
O, 2006-cı ildə "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib. 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində məsləhətçi, 2007-ci ildən 2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri vəzifəsində çalışıb.
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri təyin edilib. 27 mart 2013-cü ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.
Digər sərəncamla Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri işdən çıxarılıb.
Sərəncama əsasən, Surə Namidar qızı Seyid Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsindən azad edilib.