Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2025 10:20
Bakıda daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb.
Sonxeber.net xəbər verir ki, ekspertlərin fikirlərinə görə hazırda daşınmaz əmlak bazarında əvvəlki illərlə müqayisədə durğunluqdur.
Ötən ay Bakıda bir kvadratmetri 3200 manata verilən mənzil artıq 2800-ə verilir, 3500-ə satılan mənzillər isə artıq 2800-ə düşüb.
İqtisadçı Fərhad Pərvizi bunu mənzillərin satılmamsı ilə əqaləndirir:
"Ona görə də növbəti üç ildə iri investisiyalar etməyi ağıllı hesab etmirəm. Amma ev lazımdırsa ev mütləq alın. Mənim qayda ondan ibarətdir ki, MTK-ın satdığı qiymətin üçdə biri qədər endirimə almalısız. Məsələn 3000-ə satırlarsa 2000 ala bilərsiniz. MTK sizi manipulyasiya edir. Hər dəfə 50 manat, 100 manat qiymətləri qaldırır. Statistikaya əsasən, əmlak alqı-satqısı ötən illə müqayisədə kəskin azalıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sonxeber.net-a açıqlamasında bildirib ki, artıq 3 aydan çoxdur ki, əmlak bazarında müşahidə olunan durğunluq daha çox paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərdə davam edir. Onun sözlərinə görə, bunun əksinə olaraq, Bakıətrafı zonalarda, xüsusən də ucuz yaşayış evlərinə tələbat nisbətən yüksəkdir. Ekspert qeyd edib ki, bunun əsas səbəblərdən biri hazırda Bakının mərkəzi ərazilərində aparılan söküntü işləridir.
Nəzərə çatdırıb ki, söküntü dövlət tərəfindən həyata keçirildiyi üçün vətəndaşların mənzilləri qiymətləndirilib onlara pul şəklində kompensasiya verilir:
"Lakin həmin kompensasiyalar mərkəz ərazilərindəki mənzillərin kvadratı kiçik olduğu üçün vətəndaşlara nisbətən aşağı məbləğdə ödənilir. Bu səbəbdən insanlar həmin vəsaitlə paytaxtın mərkəzində yenidən mənzil almaqda çətinlik çəkirlər. Əksinə, Bakıətrafı ərazilərdə həmin məbləğə daha böyük sahəsi olan fərdi yaşayış evləri və ya mənzillər almaq mümkündür".
E.Fərzəliyev vurğulayıb ki, mərkəzdəki durğunluq artıq qiymətlərin sabitləşməsinə səbəb olub. Proses bu şəkildə davam edərsə, bazarda qiymətlərin enməsi də istisna edilmir:
"Digər tərəfdən, Bakıətrafı ərazilərdə xüsusən Xırdalan və Masazır kimi sıx yaşayış məntəqələrində artan tıxaclar və kommunal problemlər sakinləri narahat edir. Bu səbəbdən həmin zonalarda insanlar evlərini kütləvi şəkildə satışa çıxarmağa başlayıblar. Bazara çoxlu sayda mənzil çıxması rəqabəti artırır və buna görə də qiymətlərin sabit qalması müşahidə olunur".
Hesab edir ki, yaxın gələcəkdə durğunluq davam edərsə, əmlak bazarında qiymətlərin enməsi qaçılmaz ola bilər.
Mina Mikayılova