Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 11:46
Ötən il əcnəbilərlə bağlanmış nikahların sayı iki dəfə azalıb.
Sonxeber.net bildirir ki, Dövlət Statistika Komitəsindən Xezerxeber.az-a verilən məlumatına görə, verilən məlumata görə, 2020-ci ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında 588 nikah bağlanıb. Bu rəqəm 2019-cu ildə 1248 olub. 2020-ci ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı isə 599 olub. Halbuki 2019-cu ildə bu göstərici 1101 olub.
Ümumiyyətlə, son 5 ildə Azərbaycan vətəndaşı olan 5319 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Bu müddət ərzində 5039 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub. Azərbaycan vətəndaşı olan qadınlarla nikaha daxil olan xarici ölkə vətəndaşları daha çox Rusiya, Türkiyə və Gürcüstan, Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan xarici ölkə vətəndaşları isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır. Lakin bu cütlüklər arasında boşanmalar da qeydə alınıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə deyib ki, boşanmaların əksəriyyəti bu evliliklər qeyri-səmimi münasibətlər əsasında qurulduğuna görə baş verir.
Tural Hüseynzadənin sözlərinə görə, digər problem xarici vətəndaşla ailə quran bəzi Azərbaycan vətəndaşlarının nikah sənədinə qeyd-şərtsiz qol çəkmələridir: "Bəzən həmin ölkənin qanunvericiliyində elə nüanslar olur ki, onlar bizim ölkənin qanunvericiliyi ilə uzlaşmır. Əcnəbi ilə evlənən azərbaycanlı xanım xarici ölkədə boşanır və bizim qanunlardan irəli gələn tələbləri orda tətbiq etmək istəyir. Bu isə problem yaradır. Müraciətlərin çoxu isə daha çox uşaq tələbi ilə bağlı olur".
Mütəxəssis qeyd edib ki, boşanmalarla bağlı ölkəmizdə dəqiq statistika aparmaq da mümkün olmur. Çünki xarici ölkədə boşanma olduqda və vətəndaş bununla bağlı məlumat vermədikdə dövlət qurumu xaricdəki boşanmalarla bağlı statistika apara bilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: