Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 13:40
Tanınmış teleaparıcı, şoumen Kamran Həsənli "Yeni Müsavat"a müsahibə verib. Şoumen zamanında AXC hərəkatında iştirak etməsindən, televiziyaya maraqlı təsadüf nəticəsində gəlməsindən, hansı səbəbdən ekranlardan uzaqlaşdırılmasından və digər ilginc faktlardan söz açıb.
Müsahibəni təqdim edirik:
- Hazırda nə işlə məşğulsunuz?
- Hazırda internet televiziyası olan Pressklub TV, Vətən TV, Yeni Avaz-da işləyirəm.
- Artıq bir müddətdir ki, ənənəvi televiziyalardan uzaq düşmüsünüz. Bunun səbəbi nədir?
- Televiziyaların mənzərəsi belədir. Təkcə mən deyiləm ki, peşəkar insanların hamısı televiziyalardan qaçır, uzaq düşür, onları yaxın buraxmırlar.
- Televiziyaların özləri sizi yaxın buraxmır, ya özünüz istəmirsiniz?
- Qarşılıqlıdır, biz özümüz də istəmirik. Televiziyalar bu vəziyyətdə olduğu halda təbii ki, biz də orada işləmək istəmirik. Amma ümumilikdə televiziyalar bizi yaxın buraxmır.
Televiziyaların bu gün konsepti yalnız qeyri-peşəkar insanlar, səviyyəsiz, savadsız insanları ekranlara çıxartmaqdır. Əsas odur ki, aylıq pul, gəlir gətirsin. Yəni kim aylıq nə qədər çox pul gətirirsə, onun peşəkar olub-olmaması nəzərə alınmır, o, veriliş açır.
- Əsl peşəniz musiqiçilikdir. Avtobioqrafiyanıza da nəzərə yetirəndə görürük ki, zamanında Bülbül adına musiqi kolleci, hansı ki, hər musiqiçi ora daxil ola bilmir, eləcə də konservatoriyanı bitirmisiniz. Hətta bir müddət musiqi kollecində pedaqoq kimi də çalışmışınız. Bəs niyə bu sənətdən uzaq düşdünüz? Nə vaxtsa buna görə təəssüf, peşmanlıq hissi keçirmisiniz?
- Əlbəttə ki, heç vaxt peşman olmamışam. Hər halda, gəlin etiraf edək ki, televiziyaya gəlməyim özü bir uğurdur. Əgər bir yerdə uğur varsa, verilişin ölkədə məşhurlaşırsa, sevilirsə, niyə peşman olum ki?
Bəli, mən Sumqayıt Musiqi Kollecində, eləcə də Naxçıvan Musiqi Texnikumunda musiqi nəzəriyyəçisi işləmişəm. Sonra zərgər də olmuşam... Ümumiyyətlə, insanın həyatında mərhələlər olur, bəzən görürsən ki, bir peşədən digərinə keçid edir. Lakin həmin vaxtlar da mənim televiziya proyektlərim var idi. Bu, təxminən ötən əsrin 90-cı illərinə təsadüf edir. Proyektlərimi AzTV-yə təqdim edirdim, lakin televiziya qəbul etmirdi. Sonra "Space TV"yə müraciət etdim, orada layihəmi qəbul etdilər və beləcə başladım televiziyada çalışmağa.
"Peşəkar insanların hamısı televiziyalardan qaçır, uzaq düşür, onları yaxın buraxmırlar"
Yəqin ki, bilirsiniz, "Space TV"yə gəlməyimin də bir tarixçəsi var: 1999-cu ildə "Nəzər nöqtəsi" verilişi var idi. Həmin verilişi şənbə günləri məşhur aparıcı Sevil Nuriyeva təqdim edirdi. Verilişlərin birində Siyavuş Novruzovla debata çıxdım. Debat çox uğurlu alındı və Siyavuş Novruzovu məğlub etmişdim. Lakin mənə dedilər ki, "hazırlaş, sabah səni hərəkatdan çıxaracaqlar". Dedim ki, sən nə danışırsan, bu cür uğurlu çıxışdan sonra əksinə, məni yüksəldəcəklər. Cavabında dedilər ki, "sən insanları yaxşı tanımırsan". Doğrudan da bir gün sonra AXC hərəkatının Ali Məclisi çağırıldı. Həmin vaxtlar Ali Məclisin üzvü idim. Beləliklə, Ali Məclisdə AXC hərəkatının üzvləri, hansı ki, indi əksəriyyəti artıq deputatdır, başladılar mənim əleyhimə danışmağa. Təsəvvür edin, televiziya verilişindən söhbət açılmırdı, bəhanələr tamamilə başqa idi. Bir-bir danışdıqdan sonra səsə qoyub, məni üzvlükdən çıxartdılar.
- İndiki deputatlar deyərkən, kimləri nəzərdə tutursunuz?
- Məsələn, Fazil Mustafa, Asim Mollazadə və digərləri. Əksəriyyəti indi deputatdır... İndi danışanda bəlkə də mənə gülməli gəlir, amma onda qorxulu yuxu kimi gəlirdi. Çünki təsəvvür edin, 1987-ci ildən onlarla birlikdə idim, meydanda tankların qabağına getmişdik... Beləliklə, AXC hərəkatının üzvlüyündən çıxarıldıqdan sonra mərhum sabiq prezident Əbülfəz Elçibəy məni özünə milli məsələlər üzrə müşavir təyin etdi. Bundan sonra məni televiziyaya dəvət edən şəxs dedi ki, sənin yaxşı proyektlərin var, "Space TV"yə gələ bilərsən". Həmin vaxt televiziyanın rəhbəri Eldar Namazov idi.
Televiziyaya gedib, proyektlərimi təqdim etdim və ölkədə ilk canlı verilişi mənə verdilər. Mənə qədər heç kəs ölkədə canlı yayın tok-şou proqramı aparmamışdı. Verilişdə Turandan, türkçülükdən danışırdıq, fikirlərimizi açıq söyləməkdə azad idik və veriliş böyük uğur qazanmışdı. İndi bütün bunları düşünüb, sizcə, televiziyaya gəldiyimə görə peşman ola bilərəm? (gülür)
- Mən, ümumiyyətlə, musiqi sahəsindən uzaq düşmənizi nəzərdə tutmuşdum.
- Deyim ki, heç vaxt musiqidən kənarda qalmamışam. Ümumiyyətlə, 20 il televiziyada olduğum müddətdə nə ad almışam, nə də kimdənsə nəsə xahiş etmişəm.
- Sizcə, niyə?
- Yəqin ki, onların kriteriyalarına uyğun gəlməmişik. Beləliklə, qeyd etdiyim kimi, musiqidən heç vaxt kənarda qalmamışam. Şənliklərdə musiqiçilərin arasında olmuşam, birlikdə ifa da etmişik, tamaşa da çəkmişik.
- Özünüzü hazırda hansısa televiziya kanalında görürsünüzmü?
- Əlbəttə ki, görürəm. Lakin bir az öncə qeyd etdiyim kimi, televiziya kanallarımızın konsepti dəyişilməlidir.
Bildiyiniz kimi, bir müddət bundan əvvəl hansısa məmurlar öz konseptlərini televiziyalara yürütmüşdülər, hansı ki, artıq onları uzaqlaşdırıblar. Televiziyalarda şit zarafatlar, qeybətlər aparılırdı. Bu bir müddət keçərli oldu. Lakin sonra bu konsept köhnəlməyə, insanlar artıq düşünməyə başladı. Müharibədən sonra isə ölkəmiz tamamilə dəyişdi. Lakin şahidi oluruq ki, televiziyalarımız yenə də dəyişə bilmir, həmin kadrlar da yerində qalıb.
İndi televiziya kanallarımızın hamısı bir-birinə oxşayır, bir-birini təqlid edir və maraqlıdır ki, mənim 20 il bundan əvvəl apardığım "Bizim saat" verilişimdən aralana bilmirlər. Yəni eyni mənzərədir - divan, kreslo, müğənni və bir az söhbət. Biz heç olmasa kəskin söhbət aparırdıq, bunlar isə dedi-qodu, səviyyəsiz söhbətlər.
Dünya televiziyası ilə bizimkiləri müqayisə etsək görərik ki, televiziyalarımız hansı səviyyədə qalıb. Baxın görün, bizdə normal tok-şou verilişi varmı? Bu gün bütün sosial şəbəkələr insanların müzakirələri ilə qaynayır. Bu niyə bizim televiziyalarımıza gəlməsin?
- Əslində Rusiya, Türkiyə televiziya kanallarında da məişət məsələləri, problemləri öz əksini tapır. Lakin fərq ondadır ki, əcnəbi televiziyalar bunu səviyyəli şəkildə təqdim edir.
- Sizinlə tamamilə razıyam. Lakin Türkiyə və Rusiyada sizin dediyiniz verilişlər müəyyən kanallarda yer alıb, digər televiziyalar öz rəflərini tutublar. Ümumiyyətlə, bütün dünyada belədir. Cəmiyyətin elit, savadlı və savadsız təbəqəsi var və onların hər biri üçün ayrıca televiziyalar, proqramlar var. Məsələn, əgər bir əcnəbi televiziyada məişət proqramı yayımlanırsa, axşamlar güclü tok-şoular təqdim olunur. Çünki orada peşəkarlar çalışır. Bizim televiziyalar isə peşəkarları uzaqlaşdırırlar.
Deyirlər ki, bizi söysələr də, əsas odur baxırlar. Halbuki, istənilən azərbaycanlıdan soruşanda fəxrlə cavab verir ki yerli kanalların heç birinə baxmıram, çünki intellektual səviyyəmi aşağı salmaq istəmirəm. Sizcə, Rusiyada bir rusiyalı bu sözü deyərmi? Əlbəttə ki, yox.
Ümumiyyətlə, Türkiyə və Rusiya telekanalları öz məhsulunu, insan məhsulu yaradıb. Bizim televiziyalar isə oyundan kənarda qalıb və öz xalqının içərisində ancaq hiddət qazanıb.
- Biz sizi həm də aktyor kimi tanıyırıq. Lakin bu sahədə də sizdə bir boşluq yaranıb.
- Gərək təklif olunsun da. Aktyorluq yaradıcılığım da yalnız öz təşəbbüsüm olub. Oynadığım obrazlar da bir-birindən fərqli olub. Düşünürdüm ki, Azərbaycanda ciddi seriallar, yaxşı filmlər çəkilər və bizi də dəvət edərlər, lakin olmadı. Məmnuniyyətlə iştirak edərdim. Amma çox qəribədir ki, dəvət etmirlər.
Baxın seriallarımıza, görün, hansı səviyyədədir.
Azərbaycan sovet dönəmində kiçik respublika hesab olunsa da kino, teatr, rəssamlıq, musiqi və digər sahələrdə çox önə gedib çıxmışdı. Təsəvvür edin, Müslüm Maqomayev kimi ifaçımız var idi. Yəni brend idik. Həmin vaxt aktyorlarımız heç də Moskva aktyorlarından geridə qalmırdı. Səməndər Rzayev, Həsən Məmmədov, Həsənağa Turabov, Əliağa Ağayev kimi korifeylərimiz var idi. Amma indi onlardan biri də yoxdur. Təsəvvür edin, ötən əsrin 60-70-ci illərində Azərbaycan kinosu hansı səviyyədə idi, Türkiyə kinosu hansı səviyyədə. Məsələn, Türkan Şoray balta ilə əlini kəsirdi, sonra da əlinin qanı axa-axa mahnı oxuyurdu. Mən o filmləri aşağılamıram, amma bizim filmlər, aktyorlar daha peşəkar və səviyyəli idi. Həmin illərdə "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Yeddi oğul istərəm" və digər bu kimi çoxlu sayda güclü filmlər çəkilib. İndi Türkiyə kinosunun səviyyəsi harada, bizimki haradadır.
- Elə bu sualı verəcəkdim, Azərbaycan kino mədəniyyətinin bazası var, aktyor və aktrisalarımız da çox istedadlıdır, ümumiyyətlə, Azərbaycan insanı istedadlıdır, bəs niyə kino sahəsi bu qədər durğunlaşıb? Səbəb maddi çatışmazlıqdır, yoxsa?..
- Səbəb çox ağır məsələdir. Təxminən 20-25 ildir ki, istedadsızlar bir yerə yığışıb, istedadlıları aradan çıxarır, işlərindən uzaqlaşdırırlar. İstedadsızların da arxasında dayananlar savadsız, amma pullu insanlardır. Onlar yaxşı ilə pisin fərqini bilmirlər. Bu da bir bəladır.
Qədim ərəb nağıllarının birində ata oğluna nəsihət edib deyir ki, oğlum, hansı ölkəyə gedib görsən ki, şorla yağın qiyməti eynidir, oradan qaç. Bizdə isə şorla yağın qiyməti nəinki eynidir, şor yağdan bahadır. Bəlkə də dünyada yeganə ölkəyik ki, pis oxuyan dəbdədir, yaxşı oxuyan isə ölkədən qaçır. Məsələn, bildiyiniz kimi Qismət Almaniyadadır. O, çox gözəl oxuyur. Eləcə də ölkədən gedən Cahangir Zeynalovu, Cavanşir Quliyevi göstərə bilərəm. Cahangir Zeynalov heç də Nəsibə Zeynalovadan geri qalan aktyor deyildi, hətta deyərdim ki, bir qədər üstündür, çünki müxtəlif janrlarda obrazlar yaradırdı. İndi Türkiyədə məşhur olan aktyorları Cahangir kimi kadrlarımız yetişdirir. Beləliklə, biz pislə yaxşının fərqini bilmir, yaxşı kadrları qiymətləndirmirik.
Sovet dövründə də bəzən insanlar peşəkar musiqiçiləri dinləmirdi. Axı hər kəsin zövqü eyni deyil. Amma televiziya cəmiyyəti başa salırdı ki, kim yaxşıdır, peşəkardır. İndi isə televiziyalar "camaat buna baxır" deyib, bayağı müğənniləri efirə çıxardır.
- Bəs siz də ölkədən getməyi, fəaliyyətinizə başqa ölkədə davam etməyi düşünürsünüzmü?
- Yaşım o deyil, yoxsa... Amma yox, istəmirəm. Mən milliyyətçi, Turan eşqi ilə yaşayan adamam. Sadəcə, istəyirəm ki, öz ölkəmizdə hər şey yaxşı olsun, burada nəyəsə nail olaq.