Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 10:22
Qarabağda separatçı rejimin tanınmış simalarından biri olan Vitali Balasanyan faşist əlaltısı Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif etməklə qalmaqal yaradıb.
Bu barədə məlumatı separatçı rejimin başqa bir nümayəndəsi - Artak Mkrtçyan və Ermənistan parlamentinin müstəqil deputatı Sofiya Ovsepyan verib. Mkrtçyanın sözlərinə görə, "ağsaqqallar şurası" şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd edib: "Biz onunla danışdıq və dedik ki, bunu etmək lazım deyil və biz bunu etməyəcəyik. Əgər aydın səbəb yoxdursa, dəqiq şərt qoyulmayıbsa, biz abidəni sökmürük".
Qaregin Njdenin onun adını daşıyan küçədə qoyulmuş abidəsinin demontajı barədə informasiya ilk dəfə bu ilin fevralında yayılıb. O vaxt separatçılar bu xəbəri təkzib etmişdilər.
Müharibədən sonra Ermənistan parlamentindəki hakim "Mənim addımım" fraksiyasını tərk etmiş Ovsepyan "Azatutyun"a deyib ki, mayın 4-də təklifi Xocavənddə rədd edilən Balasanyan Njdenin abidəsini "heç olmasa bir neçə günlüyünə" sökməyi xahiş edib və bildirib ki, heykəli 9 mayda Rusiya tərəfi Böyük Vətən Müharibəsində qələbəni qeyd edəndən sonra yerinə qaytarmaq olar: "Onda o ikinci, alternativ təklif verdi ki, heç olmasa üç günlüyünə sökülsün və o vədini yerinə yetirmiş olsun. Vəd belə görünür ki, Rusiya tərəfinə verilib".
"Azatutyun" bildirir ki, Vitali Balasanyanın niyə belə bir təkliflə çıxış etməsinin səbəbini öyrənməyə çalışıb. Vitali Balasanyanın sözçüsü sorğuya cavab verməyib. Sofiya Ovsepyan da Vitali Balasanyanın niyə belə bir təklif verməsinin səbəbini anlamağa çalışdığını deyib: "Mən bu məsələ ilə əlaqədar onunla onun ofisində görüşmüşdüm. Mən dünən daha onunla danışmağa cəhd göstərmədim. Çünki belə sözləri dilə gətirən adamla danışmaq istəmirəm. O görün nə deyirdi: "Njdenin abidəsini Martunidə (Xocavənd) qoymaq niyə lazımdır? Aparın onu Zəngəzurda qoyun". Bəli, bu sözləri Balasanyan deyib. O əgər belə bir şey deyirsə və Njdenin bütün erməni xalqına məxsus olduğunu dərk eləmirsə, onunla nə danışasan?".
"Azatutyun" yazır ki, Rusiya rəsmilərinin faşist əlaltısı Njdenin tərənnüm edilməsindən narazı olduqları sirr deyil. Məsələn 2016-cı ilin iyununda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Njdeyə Yerevanda abidə qoyulmasına dair suala cavab verərkən demişdi: "Bizim Böyük Vətən Müharibəsinə münasibətimizi hamı çox gözəl bilir. Bizim nasizmin, neonasizmin, ekstremizmin istənilən formada dirçəldilməsinə və qəhrəmanlaşdırılmasına münasibətimizi də hamı bilir. Bu münasibət beynəlxalq sənədlərdə təsbit edilib. Bizə aydın deyil ki, adı çəkilən abidə niyə qoyulub. Axı biz Böyük Vətən Müharibəsində, II Dünya Müharibəsində erməni xalqının qəhrəmanlığı, bu ölməz qəhrəmanlıq barədə bilirik".
Artak Mkrtçyan isə mayın 5-də deyib ki, "hansısa Rusiya generalının Njdenin heykəlini sökmək istədiyinə" dair informasiya dolaşır: "Deyirlər hansısa general, amma adını çəkmirlər və biz də bu generalın kim olduğunu bilmirik. Söhbətlər gəzir, amma bizə heç kim deməyib ki, rus generalı bunu etmək istəyir". "Azatutyun" yazır ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri, Ermənistandakı Rusiya hərbi bazası və Yerevandakı Rusiya səfirliyi onun zənglərinə cavab verməyiblər".
Azər Nuriyev