Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ali məktəblərə müsabiqədən kənar qəbul olunanlar var, onların SAYI

Ali məktəblərə müsabiqədən kənar qəbul olunanlar var, onların SAYI

Tarix: 1 Avqust 2019 19:36

Bakı. İlhamə İsabalayeva - Trend:

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunanların sayı açıqlandı.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiyadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan "Internatıonal Baccalaureate" təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə daxil edilib.

Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

Müsabiqədən kənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar.

Digər müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.

DİM-dən qeyd edilib ki, 1 nəfər "Internatıonal Baccalaureate" təhsil proqramı məzunu isə ADA Universiteti "Beynəlxalq münasibətlər" ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub.

5 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən 12 nəfər "Kompüter elmləri", 5 nəfər "Kompüter mühəndisliyi", 3 nəfər "İnformasiya texnologiyaları", 22 nəfər "İqtisadiyyat", 21 nəfər "Beynəlxalq münasibətlər", 36 nəfər "Biznesin idarəolunması", 5 nəfər isə "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə ADA Universitetinə qəbul olub.


Etiketlər:  Ali məktəblərə müsabiqədən kənar qəbul olunanlar var onların SAYI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ