Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Doğuş zamanı ölüm olmaması üçün... - Həkim

Doğuş zamanı ölüm olmaması üçün... -  Həkim

Tarix: 15 May 2021 18:15

"Mayın 3-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş" diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi hadisəsi bu kimi faciəvi halların ölkə ərazisində tez-tez baş verdiyini yenidən mətbuatın gündəminə çevirib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Almaniyada ixtisaslaşmış cərrah mama-ginekoloq, sonsuzluq və riskli hamiləlik üzrə mütəxəssis, ekspert Pərvin Mikayılzadə doğuşdan sonrakı qanaxma, hamilənin arterial təzyiqinin kəskin artması və onun fəsadı - preeklampsiya - eklampsiya, qanın patoloji laxtalanması və trombun ana damarlarına tıxanması - tromboemboliya, doğuşdan sonrakı infeksiya - uşaqlığın ifeksiyalaşması və infeksiyanın qana keçməsi - sepsis və bir neçə nadir rast gələn əlavə səbəblərin belə faciəvi halların yaşanmasına yol açdığını bildirib.

Cərrah mama-ginekoloqun sözlərinə görə, həmin xəstəliklərin yaranmasının qarşısını almaq, müalicə etmək təbii ki, mümkündür:

"Hamilələrin belə durumla üzləşməməsi üçün qadın vaxtlı-vaxtında müayinələrdən keçməli, düzgün həkim müşahidəsi altında saxlanılmalıdır. Hamiləlik dövründən qabaq müayinə olunub, fəsad törədə biləcək gizli xəstəliklərin əvvəlcədən aşkara çıxarılıb müalicə olunması hamiləliyin uğurla başa çatmasına zamin olur. Qadınlarımıza əsas məsləhətimiz ondan ibarətdir ki, hamiləlik dövründə mütəmadi həkimə müraciət etsinlər, belədə yaranan fəsadları vaxtında aradan götürmək daha asan olur və onlar da xoşbəxt, sağlam analıq hissini yaşayır, düyaya sağlam körpə gətirirlər".

Pərvin Mikayılzadə onu da təəssüflə vurğulayıb ki, qadınlarımız, xüsusən də bölgələrdə yaşayan hamilələr, bununla yanaşı, ümumiyyətlə xanımlar xüsusən ginekoloqa getməyə həvəs göstərmirlər:

"Bilirsiniz, bizdə bəzən ziyanlı ənənə də təbliğ olunur. Nə qədər gülməli görünsə də, deməmək olmur. Şahidi olduqlarımı deyirəm: həkimə getmək məsələsi gələndə bəzən qayınanalar gəlinlərinə, analar qızlarına belə deyirlər: Biz bu uşaqlara hamilə olanda heç həkimə getməzdik. Onlara izah edirəm ki, dövrlər arasında böyük fərq var. Sizin dövrünüzdə ekologiya, sosial mühit, informasiya məkanı, qlobal təsirlər, qida tərkibləri bu dərəcədə dəyişməmişdi. İndiki hamilələrdə elə fəsadlar meydana gəlir ki, tarixən belə xəstəliklər olmayıb. Bir sözlə, dünyaya sağlam uşaq gətirmək həm də ona görə vacibdir ki, o körpə təkcə valideynin deyil, cəmiyyətindir, dövlətindir. Uşaqları sağlam doğmaq, sağlam böyütmək, sağlam yaşatmaq hər birimizin ümdə vəzifəmiz, əsas borcumuzdur".


Etiketlər:  Doğuş zamanı ölüm olmaması üçün Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ