Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 01:20
"Bu, bütün kollektivimizin qələbəsi və iş prinsipimizin nəticəsi idi. İlk yarıdan sonra futbolçularla heç bir danışığımız olmadı. Çünki onların məqsədi yalnız qələbə idi. Matçın əvvəllərində qapımızı qorumağı düşünürdük. Bunu bacardıq və nəticədə belə bir nailiyyətə imza atdıq".
Bunu Gürcüstan "Dinamo"sunun baş məşqçisi Feliks Visente Miranda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. İspaniyalı mütəxəssis bildirib ki, son oyunlarda qol buraxmamaları əsas strategiyalarıdır. Bu isə meydan oyunçularının çıxışından başlayır və qapını toxunulmaz saxlamaqdan keçir.
41 yaşlı baş məşqçi qələbə ənənəsini qorumaq istədiklərini vurğulayıb. O, matçı izləyən azarkeşlərə təşəkkür edib.
Miranda Hollandiya "Feyenoord"u ilə keçirəcəkləri növbəti mərhələ oyunları barədə də danışıb: "Feyenoord"la matç da bizim üçün çox vacibdir. Ümid edirəm ki, hər bir oyunçumuz bu görüşlərdə yaxşı oyun sərgiləyəcək".
Qeyd edək ki, "Dinamo" ilk görüşdə də 2:0 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə yüksəlib (Report).