Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaradıcılığına asfaltdan başlayan dünyaca məşhur azərbaycanlı

Yaradıcılığına asfaltdan başlayan dünyaca məşhur azərbaycanlı

Tarix: 22 May 2021 12:54

Azərbaycanın xalq rəssamı Tahir Salahov cümə axşamı Almaniyada, xəstəxanada 93 yaşında vəfat edib.

Sonxeber.net xəbər verir ki, "BBC News Azərbaycan" 2010-cu ildə Tahir Salahovdan müsahibə alıb. Həmin vaxt tanınmış rəssamın Londonda sərgisi açılmışdı. Rəssamın müxtəlif dövrlərdə çəkdiyi 40-a yaxın rəsm dünya şöhrətli Sotbi hərracının rəsm qalereyasında nümayiş etdirilirdi. "Görünməmiş Salahov" adlı bu sərgi Londonda bir neçə ay davam edən Buta festivalının bir hissəsiydi.

Əməkdaş Elşən Əli Tahir Salahovdan ilk öncə rəssam olmağının tarixçəsindən danışmağı xahiş edib.

- Ümumiyyətlə, heç bir rəssam özünü tam şəkildə yetkinləşmiş sənətkar kimi hiss etmir. 1944-cü ildə 16 yaşında olarkən, Kirov parkında afişalar çəkən işləyirdim. O zaman afişaları asfalt üzərində yazmaq dəbdə idi. Bu afişaları gecə vaxtı çəkirdim. Beləliklə, mən yaradıcılığıma asfaltdan başladım.

Şəkil çəkməyə həvəsi isə məndə atam oyadıb. Evdə şuluqluq etməyimizin qarşısını almaq üçün atam mənə və iki qardaşıma nəyinsə şəklini çəkməyi tapşırardı və evə gələndə şəkillərə baxıb kimin 1-ci, 2-ci ya 3-cü yer tutduğunu deyərdi. Bax belə bizdə maraq yarandı və hər üç qardaş rəssam olduq. Məhz bu mənim rəssam olmamda həlledici rol oynadı.

Bundan başqa, yemək otağının divarında gözəl, iri bir qravüra vardı. Üzərində əlləri qandallanmış bir qadın. Mən həmişə ona baxaraq yemək yeyərdim. Yəqin bu şəkil də mənim şüuruma təsir edərək, incəsənətə həvəs yaradıb.

Mən hamınıza məsləhət görərdim ki, evinizdə divardan heç olmasa yaxşı bir reproduksiya asasınız. O sizə də, sizin övladlarınızın şüuruna da müsbət təsir göstərəcək.

- Tahir müəllim, siz müxtəlif siyasi mühitlərdə yaşamısınız. Mühit sizin yaradıcılığınıza nə dərəcədə təsir edib? Məhdudiyyətlər qoyub yoxsa yaradıcılıq istiqamətlərini müəyyən edib?

- Mənim ailəmdə 37-ci il çox ağır iz buraxdı. Atamı həbs etdilər və onun başına nə gəldiyini biz bilmədik. Ailəmiz çox, olduqca çətin dövrlər yaşadı. Bunlar məni daxilən ədalətli bir adam olmağa məcbur etdi. Həyata da, öz işimə də.

Stalin dövründə problemsiz, çəpiklər üzərində duran incəsənət janrı hökm sürürdü. Stalinin ölümündən sonra - şəxsiyyətə pərəstiş halları ifşa olunduqdan sonra biz, gənc rəssamlar dedik ki, bundan sonra yalnız həqiqəti əks etdirəcəyik.

Sovet ensiklopediyasına baxsanız görərsiz ki, sovet rəssamlıq incəsənətində "suroviy" yəni "sərt" stilin baniləri İvanov, Nikonov və Tahir Salahov olublar. Bizə bu istiqaməti seçməyə imkan verən məhz həmin o zəmanə idi. Təbii ki, indi bütün rəssamlar azaddırlar. İdeoloji təzyiq yoxdur. Mənə işləmək həmişə rahat olub, çünki yaratdığıma məsuliyyətlə yanaşmağa öyrəşmişəm.

- Hər hansı obyektin şəklini çəkmək qərarınıza nə təsir edir? Məsələn, arxanızdakı neft platforması, Qız qalası və Atəşgahdan ibarət triptixi çəkmək ideyası haradan yaranmışdı?

- Nə ilhamlandıra bilər? Oxuduğum bir əsər, gördüyüm bir əşya, hansısa imiclər mənə təsir edir. Mənə ilham verən Azərbaycanın məşhur rəssamları Əzim Əzimzadə, Qəzənfər Xalıqov, Salam Salamzadə, Tağı Tağıyev kimi sənətkarlar idi.

Məsələn, arxamdakı triptixdən danışdınız. Mən uzun müddət bu mövzuya necə yanaşmaq barədə düşünmüşəm. Sadəcə platformanı çəkməklə iş bitməzdi. Onun miqyasını tapmaq, qayıqların hərəkətini düşünmək, eyni zamanda Azərbaycanın qədim memarlıq abidələrini göstərməklə, bu torpaqda daima odun, işığın yanmasını göstərmək istəmişəm. İnsanlar həmişə Atəşgahda bu ocağın ətrafına toplaşıblar. Qız qalası isə mənim üçün mayak, yolgöstərəndir. Yeni texnologiyalar və bizim qədim abidələr arasında əlaqə yaratmaq ideyasından irəli gələrək bu rəsmləri çəkdim.

- Tahir müəllim heç olubmu ki, artıq bitirmək üzrə olduğunuz bir əsəri cırıb atmaq istəmisiz?

- Belə anlar olub. Bir rəsmi çəkmişdim və nəsə onda mənim xoşuma gəlmirdi. Birdən-birə onu cırıb atmaq istədim. Yanımda olan adamlar güclə əlimdən aldılar. Dedilər ki, sən nə edirsən? Mən razı deyildim işimlə. Amma yarım il sonra bu rəsmi dostumun evində çərçivədə,şüşənin altında görəndə, dedim, ay Allah, yəni mən doğrudan bu şəkli cırıb atmaq istəmişəm?

Bəzən rəssam hiss etmir çəkdiyi əsərin dərinliyini. Özünə qarşı tələbkar olanda, bəzən daxilində rəsmi başqa cür görürsən və fırçandan çıxanla onun arasında fərq görəndə məyus olursan.

- Sizə hansı rəssamlar təsir edib? Kimlərin əsərləri sizin yaradıcılığınızda iz buraxıb?

- Bilirsiniz, müxtəlif rəssamlar müxtəlif dövrlərdə müxtəlif cür təsir edirlər. Demək istəyirəm ki, yaşa dolduqca, sənətin incəliklərini öyrəndikcə, rəssamlar barədə oxuduqca, fantaziyan zənginləşir. Rəssamın şüurunu zəmanə müəyyən edir.

- Siz müxətlif məşhur insanların portretlərini çəkmisiniz. Bu zaman hər hansı maraqlı hadisələr baş veribmi?

- Bəstəkar Qara Qarayevin portretini çəkirdim. Evinə gəlib, hansı pozada şəklini çəkmək barədə düşündük. Mən rəsmi, parad portreti çəkmək istəmirdim. Yaradıcı bir obraz göstərmək ağlımdaydı. Amma nəsə alınmırdı. Necə otururdusa otursun, nəsə ümumi bir dil tapa bilmiridik. Ondan soruşdum ki, ağ rəngdə sviteri varmı? Qara müəllim dedi ki, var, amma arvadı Tatyana Nikolayevna onu ancaq bazar günü geyinməyə icazə verir. Arvadından icazə alandan sonra ağ sviteri geyindi.

Qara royal, ağ sviter, gərgin bir poza. Və hər şey alındı. Heç nədən bəhs etməyən, sadə portret çəkməyə nə var ki? Qara Qarayev və ya Şostakoviçin portretini mən ən uğurlu işlərimdən hesab edirəm. Şostakoviç ümumiyyətlə çox dəyərlidir, çünki onu bəstəkarın ölümünə 1 il qalmış 1974-cü ildə çəkmişəm.

Rəssam belə simaları çəkərkən, onların imiclərini tarix üçün qoyub gedir. Bu çox məsuliyyətli bir işdir. Bu həm sənin adındır, həm də o məşhur şəxsiyyətin...


Etiketlər:  Yaradıcılığına asfaltdan başlayan dünyaca məşhur azərbaycanlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ