Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 14:24
"Hesab etmirəm ki, bu gün Azərbaycanla Ermənistan arasında yaşananlarda xarici dövlətlərin əli var. Yetər ki, biz həm Azərbaycan, həm Ermənistan rəhbərliyinin rəsmi ritorikasını eşidək".
Bunu Sonxeber.net-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
O bildirib ki, sərhəddə bu cür lokal toqquşmalar böyük bir müharibəyə çevrilməyəcək:
"Sərhəddəki təxribatlar Ermənistanın daxili auditoriyaya hesablanmış seçkiqabağı kampaniyasıdır və Azərbaycan Ordu Birləşmələrinin Azərbaycan ərazilərində bərpa, möhkəmlənmə işləri Ermənistan cəmiyyətində Ermənistanın suverenliyinə bir təhlükə kimi aşılanır, təbliğ olunur və son günlər sərhəddə baş verənlər də bu təbliğatın və manipulyasiyanın fəsadlarıdır. O sarıdan hesab edirəm ki, bu gün sərhəddə Azərbaycan əsgərinə güc tətbiq edilirsə, bu, Ermənistan Müdafiə Nazirliyi səviyyəsində və yerli hərbi hissələrin qərarları səviyyəsində olan fəsadlardır. Deməzdim ki, Azərbaycan tərəfi bu cür məsələlərə adekvat yanaşmır və Azərbaycan əsgərinə qarşı güc tətbiqin aqibəti ermənilər üçün çox ağır oldu. Mənim əldə etdiyim məlumata görə, hətta Azərbaycan ərazisini tərk etməyən ermənilər əzişdiriliblər. Heç bir post ermənilər tərəfindən ələ keçirlməyib, əksinə Azərbaycan əsgərlərinə güc tətbiq edilən həmin post yenidən Azərbaycan sərhədçilərinin xidmətindədir.
Bütün bu baş verənlər Azərbaycan Ermənistan arasında delimitasiya prosesini sürətləndirə bilər. Çünki bu proses hər iki dövlətə sərf edir. 10 noyabr üçtərəfli sənədə qol çəkən Ermənistan tərəfi artıq heç cür, heç yerdə, heç bir hüquqi sənədə əsaslana bilməz ki, onun Qarabağa iddiaları var. Bu bəyanata imza atmaq artıq Qarabağla bağlı erməni tərəfinin hər hansı bir iddiasının əsassız olması deməkdir.
Sərhəddəki gərginliyin böyük müharibəyə çevriləcəyini istisna edirəm. Çünki Ermənistan hər hansı bir dövlətlə müharibə aparmaq iqtidarında orduya malik deyil. Nəzərə alsaq ki, Ermənistanda Rusiya silahlı qüvvələri var, nəzərə alsaq ki, Ermənistan birbaşa Rusiyadan asılı olan dövlətdir və Rusiya da regionda müharibənin yox, əksinə iqtisadi münasibətlərin inkişafının tərəfdarıdır. Ona görə baş verəcək müharibə bütün tərəflərə - istər İrana, istər Rusiyaya, istər Türkiyəyə, istərsə də Azərbaycana maneədir. Və Ermənistan da müharibə etmək iqtidarında olmayan bir dövlətdir. Bu baxımdan düşünmürəm ki, bu cür lokal toqquşmalar böyük bir müharibəyə çevrilə bilər".
Təhməz Əsədov