Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 12:06
“Apple” şirkəti “iOS 14” və “iPadOS 14” əməliyyat sistemlərinin yayılması üzrə yeni hesabat dərc edib. Məlumata görə, əməliyyat sistemlərinin yeni versiyaları son 4 ildə təqdim edilən “iPhone” smartfonları və “iPad” planşetlərinin 90 faizində quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, son dörd ildə işıq üzü görən “iPhone” smartfonlarının 8 faizi “iOS 13”, 2 faizi isə “iOS” əməliyyat sisteminin əvvəlki versiyalarının idarəetməsi ilə işləyir.
Bundan başqa, bütün aktiv “iPhone” smartfonlarının 85 faizi “iOS 14”, 8 faizi “iOS 13”, 7 faizi “iOS” əməliyyat sisteminin əvvəlki versiyalarının idarəetməsi ilə işləyir. Qeyd edək ki, bu kateqoriyaya “iOS 14” sistemi ilə uyğunluq təşkil etməyən qurğular daxildir.
Bildirilir ki, son 4 ildə nümayiş olunan bütün “iPad” planşetlərinin 91 faizi “iPadOS 14” sisteminin idarəetməsi ilə işləyir. Şirkətin bütün aktiv planşetlərinin 79 faizi artıq “iPadOS 14” sisteminədək yenilənib, 9 faizi “iPadOS 13” sistemlidir, qalan 12 faizi isə əməliyyat sisteminin yeni versiyasına uyğun deyil.
Əməliyyat sisteminin yayılması üzrə göstərici bütün “Apple” qurğularının uzunmüddətli dəstəyini növbəti dəfə nümayiş etdirir.
Məlumat üçün qeyd edək ki, iyunun 7-də “Apple” şirkəti “WWDC21” konfransını keçirərək “iOS 15”, “iPadOS 15”, “tvOS 15”, “watchOS 8” və “macOS 12” əməliyyat sistemlərini təqdim edəcək.
Nizam Nuriyev