Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 20:44
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun haqda danışıb.
- Komandamı təbrik edirəm. Mövsümün ən vacib qələbəsini qazandıq. Gərginlik böyük idi, ancaq uşaqlar təmkinli oldular. Azarkeşlərimizi də təbrik edirəm. Onların sayı durmadan artır və bu, bizi sevindirir.
- Elxan Əhmədovun Premyer Liqada nə işi var?
- Gənc qapıçıdır...
- 26 yaşında gənc?
- Qapıçı üçün çox yaş deyil. Təcrübəsi də azdır. Bəli, səhvləri oldu. Ancaq bu gün ondan razı qaldım.
- Bürünc medala görə sizi təbrik etmək olar?
- Xeyr, hələ tezdir. Doğrudur, 5 xal fərq yarandı. Ancaq növbəti turda “Qarabağ”la oynayırıq. Belədə, 3-cü yerin taleyi son tura qala bilər.
- Ruslan Qurbanova nə olub?
- Zədədən sonra oyun tonusundan düşüb.
- Komanda Avropa Liqasının demək olar ki, qapısını açıb. Yəqin ki, yayda komandaya yeni qolkiper cəlb olunacaq?
- Bu suala cavab verə bilmərəm. Çünki planlar barədə rəhbərliklə mövsüm başa çatdıqdan sonra müzakirələr aparacağıq. İstər transfer mövzusu olsun, istərsə də klubun büdcəsi haqda. Ancaq Rıbkanın zədəsi ciddi olsa, bir tək Elxan Əhmədovun ümidinə qala bilmərik və təbii ki, əlavə qapıçıya ehtiyacımız olacaq.
- Bu sual birbaşa sizə aid olmasa da, maraqlıdır, ukraynalı futbolçulara qarşı ölkə çempionatımızdakı “soyqırım” nədən qaynaqlanır? Əvvəlcə, “Neftçi”dən Kiril Petrov, ardınca “Qəbələ”dən Dmitri Bezotosnı, bu gün də Aleksandr Rıbka zədələndi.
(Gülərək) Bu, o deməkdir ki, ukraynalılar Azərbaycan çempionatının sürəti ilə ayaqlaşa bilmirlər.