Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ulduz topasının mərkəzində yüz qara dəlik birdən aşkarlanıb

Ulduz topasının mərkəzində yüz qara dəlik birdən aşkarlanıb

Tarix: 7 Iyul 2021 21:16

Astronomlar müəyyən ediblər ki, Yerdən 76 min işıq ili məsafəsində yerləşən İlan bürcündəki "Palomar 5" kürəvi ulduz topasında yüzədək qara dəlik var. Həmin obyektin kütləsinin 20 faizi onların payına düşür. Tədqiqatın nəticələri "Nature Astronomy" jurnalında dərc edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Kardiff Universitetini elmi işçisi Fabio Antonininin sözlərinə görə, qara dəliklərin qovuşmasının böyük hissəsinin kürəvi ulduz topasında baş verdiyini astronomlar çoxdan güman edirlər. Lakin son vaxtlara qədər onların nə qədər olduğunu alimlər bilməyib. Yeni müşahidə metodikası əsasında bənzər informasiyanı digər obyektlər üçün də əldə etmək mümkündür.

Kütləsinə görə ulduzlarla müqayisə olunan qara dəliklərin qovuşmasını alimlər qravitasiya-dalğa detektorları nəticəsində müəyyən edirlər. Bəzi amillər, məsələn, bənzər hadisələrin tez-tez baş verməsi və qara dəliklərin qeyri-adi dərəcədə böyük kütləsi onu göstərir ki, bu obyektlər müxtəlif növ ulduz topalarının daxilində meydana gəlir. Astronomların bir qismi hesab edir ki, qara dəliklərin qovuşması böyük miqdarda nəhəng qoşa ulduzların meydana gəldiyi cavan ulduz topalarının daxilində baş verməlidir. Lakin buna oxşar hadisə yüzlərlə, hətta minlərlə tək qara dəliyin olduğu qədim kürəvi topalarda da baş verə bilər.

Astronomlar bu nəzəriyyələrdən hansının həqiqətə yaxın olduğunu hələ ki deyə bilmirlər. Lakin "Palomar 5" kürəvi ulduz topasında qara dəliklərin kütləsini və miqdarını qiymətləndirən Antonininin və onun həmkarlarının əldə etdiyi məlumatlar bu hadisənin anlaşılmasına imkan yaradır.

"Palomar 5" güman ki hissələrə parçalanır və bizim Qalaktikanı əhatə edən "ulduz axınları" - materiya və ulduzlardan ibarət nazik lent doğurur.

Antonini və onun həmkarları "ulduz axınları"nın yaranması prosesini "canlandırmağa" çalışıblar. Onlar "Palomar 5"in təfərrüatı ilə çəkilmiş şəkilləri əsasında ulduz topasının 11,5 milyard il mövcudluğunu təkrar edən kompüter modelini yaradıblar. Bu hesablamalara görə, "Palomar 5"in müasir görkəmi, kütləsi və "ulduz axınları" onun mərkəzində kütləsinə görə Günəşdən 17-20 dəfə böyük olan 100-120 qara dəliyin yerləşməsi ilə izah edilə bilər. Tədqiqatçıların fikrincə, bu, "Palomar 5"də qara dəliklərin "məskunlaşma sıxlığının" Süd Yolu qalaktikası ilə müqayisədə təxminən üç dəfə çox olduğunu göstərir. Fərq onunla əlaqədardır ki, qara dəliklər kürəvi topadan daim ulduz tullayır, lakin özləri oranı çox nadir halda tərk edir. Bu, eyni vaxtda "məskunlaşmanın sıxlığı"nı artırır və "ulduz axınları"nın yaranmasına gətirib çıxarır.

Antonini və onun həmkarları digər qədim kürəvi topalarda analoji tədqiqatlar aparmağı planlaşdırırlar. Onlar ümid edirlər ki, bənzər obyektlərdə qara dəliklərin nə dərəcədə tez-tez qovuşduğunu müəyyənləşdirmək və qravitasiya dalğalarının yaranmasında onların rolunu dəqiqləşdirmək mümkün olacaq.


Etiketlər:  Ulduz topasının mərkəzində yüz qara dəlik birdən aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ