Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu belə olacaq - FOTOlar

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu belə olacaq -  FOTOlar

Tarix: 15 Iyul 2021 09:28

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti işləri aparılır.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, bu cür layihələrdən birin olan Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Dövlət başçısının tapşırığına əsasən, sözügedən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yol boyu 6 avtomobil körpüsü və 11 yeraltı keçidin də tikintisi aparılır.

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verildi. 

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir.

Dövlət başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "13 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət "Körpü-Bina-Tikinti" MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri aparılır. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. İnşa edilən yolun hərəkət hissəsi 14 metr, çiyinlər isə 2x1,5 metr təşkil edəcək. Həmçinin tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də paralel olaraq aparılır.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su ötürücü, həmçinin yolun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində olmaqla 6 yeni avtomobil körpüsü inşa edilir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Bununla yanaşı tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də aparılır. 

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası artıq bitmək üzrədir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.


Etiketlər:  Şükürbəyli Cəbrayıl Hadrut avtomobil yolu belə olacaq FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ