Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 21:24
Təbii ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayırdı. Şəhərdə bir dənə salamat bina qalmamışdır. Yəni, bütün binaları işğal dövründə erməni vəhşiləri yerlə bir etmişlər. Həmçinin Füzuli şəhəri də, digər şəhərlər və bütün kəndlər də. İnsanlar yüz kilometrlərlə yol qət edirlər və yol boyunca görürlər ki, sağ-sol, hər tərəf dağıdılıb, yəni, qayıtmağa yer yoxdur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk" televiziya kanalına müsahibəsində deyib.
Azərbaycan Prezident vurğulayıb ki, qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır. Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları bölgələrə qaytaracağıq.