Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 16:14
Bakı. Cani Babayeva - Trend:
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun fərdi hərəkətlərində final oyunlarının qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.
Xatrıladaq ki, halqa ilə hərəkətlərdə 1-ci yeri Rusiya gimnastı Dina Averina (22.000 xal), 2-ci yeri israilli idmançı Linoy Aşram (21.850 xal), 3-cü yeri isə ABŞ təmsilçisi Laura Zenq (20.350 xal).
Mükafatı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Milli Gimnastika Arenasının direktor müavini Nərminə Quliyeva, Bakı gimnastika məktəbinin direktoru Xaqani Fərəcov təqdim edib.
Topla hərəkətlərdə qızıl medalı Linoy Aşram (21.750 bal), "gümüş"ü Rusiya gimnastı Dina Averina (21.100 xal), "bürünc"ü Belarus idmançısı Yekaterina Qalkina (20.500 xal) bürünc medal qazanıb.
Mükafatları müğənni Miri Yusif, bədii gimnastika üzrə Azərbaycan milli komandasının xoreoqrafı Akif Kərimli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov təqdim edib.
Gürzlərlə hərəkətlərdə birinci yerdə Dina Averina (Rusiya 22.500 xal), ikinci yerdə Arina Averina (22.300 xal), üçüncü yerdə isə Vlada Nikolçenko (Ukrayna 21.400 xal) qərarlaşıb.
Mükafatları Xalq artisti Murad Dadaşov, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Sara Zeynalova və Bikə Abdullayeva təqdim ediblər.
Lentlə hərəkətlərdə Anastasiya Salos (Belarus, 20.650 xal) qızıl, Arina Averina (Rusiya 20.600 xal) gümüş, Dina Averina (Rusiya 20.250 xal) bürünc medal qazanıblar.
Bədii gimnastika üzrə dünya çempionu, 1996-cı ildə Atlanta Olimpiya Oyunları mükafatçısı Yana Batırşina, Azərbaycan Gimnastika Federasiyasının meneceri Fərid Məmmədzadə və Bakı Gimnastika Məktəbinin nümayəndəsi İnara İsrafilbəyova mükafatları təqdim ediblər.
Eyni zamanda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokları da bu il Dünya Kubokunun dörd mərhələsində göstərilən ən yaxşı üç nəticə əsasında təqdim edilib.
Halqa və topla hərəkətlərdə kubok Dina Averinaya (Rusiya), gürzlərlə hərəkətlərdə Vlada Nikolçenkoya (Ukrayna), lentlə hərəkətlərdə isə Katrin Tasevaya (Bolqarıstan) verilib.
Mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qaibov təqdim edib.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.
Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin