Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 09:50
“16-cı NATO günləri” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Sonxeber.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi Azərbaycan ilə NATO arasında
mövcud əməkdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıq proqramları
üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin
gücləndirilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Azərbaycan Respublikası
Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə
də Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin tərkibində
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) üzrə bəyan edilmiş
bölmələrinin olduğu hərbi hissələrdə görüşlər keçirilib.
Tədbirlərdə qeyd olunub ki, Azərbaycan–NATO əməkdaşlığı çərçivəsində ölkəmiz beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib. Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirakı, eləcə də ƏİK proqramı çərçivəsində əldə etdiyi nailiyyətlər də diqqətə çatdırılıb.
Görüşlərdə hərbi təhsil və təlim sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan zabitlərinin NATO təlimləri və qərargahlarında iştiraklarının onların əməliyyat, idarəetmə və hərbi elmi biliklərinin zənginləşməsində faydalı olduğu qeyd edilib. Nümayəndə heyəti üçün müxtəlif brifinqlər və dəyirmi masa müzakirələri təşkil olunub.
“16-cı NATO günləri” çərçivəsində keçirilən görüşlərin sonunda hədiyyə mübadilələri aparılıb, xatirə şəkilləri çəkdirilib.