Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 21:56
Son zamanlar Gürcüstanda koronavirusun daha geniş yayılması müşahidə olunur. Epidemioloqlar infeksiyanın tüğyan etməsini koronavirusun yeni ştamlarının yayılması ilə əlaqələndirirlər. Hazırda Gürcüstanda "delta", "Britaniya" ştamları ilə yanaşı, "delta plyus" variantları da aşkarlanır.
Sonxeber.net bildirir ki, AZƏRTAC ekspertlərin rəylərinə əsasən xəbər verir ki, avqust ayının sonuna yaxın ölkədə "delta"nın dominantlıq edəcəyi gözlənilir. Bəzi ekspertlər payız aylarında beşinci dalğanın da olacağını istisna etmirlər.
Hazırda Gürcüstan əhalinin hər 100 min nəfərinə düşən yoluxma sayına görə yenidən "qabaqcıl" ölkələr sırasındadır. Bəs, səbəb nədir?
Mütəxəssislər hesab edirlər ki, Gürcüstanda pandemiyanın tüğyan etməsinin və ölüm hallarının artmasının əsas üç səbəbi var. Bunlar insanlarda peyvəndləməyə inamın az olması, peyvəndləmənin çox zəif aparılması və tibbi maskalardan və digər vasitələrdən yetərincə istifadə edilməməsidir.
Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze bəyan edib ki, ölkədə epidemioloji vəziyyət ən pis ssenari üzrə inkişaf edir. Bu gün 3,7 milyon əhalisi olan ölkədə gündəlik 5700 nəfərin koronavirusa yoluxması bunu deməyə imkan verir.
Qeyd edək ki, bu da ölkə əhalisinin hər 100 min nəfərinin 109-unun yoluxması deməkdir. Statistikaya görə, bu, çox yüksək göstəricidir.
Nazirin sözlərinə görə, ölkənin səhiyyə sistemi infeksiyaya yoluxanların kəskin artımı səbəbindən yüklənmə ilə üz-üzədir, artıq xəstəxanalarda çarpayı qıtlığı yaranıb. Xəstəxanalarda koronaviruslu pasiyentlər üçün ayrılan yerlərin təxminən 94 faizi dolub və çarpayı fondunun artırılması üçün resurslar, demək olar tükənib. Hökumət səhra hospitallarının yaradılması məsələsini nəzərdən keçirir. Eyni zamanda, Tbilisi İdman Sarayı və buna bənzər digər yerlərin ilkin tibbi yardım üçün xəstəxanaya çevrilməsi məsələsi gündəlikdədir.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadzenin fikrincə ölkədəki epidemioloji vəziyyət Hindistandakı vəziyyətdən 5 dəfə ağırdır.
Onun sözlərinə görə, "delta" ştammı Gürcüstanda daha çox yayılır və digər ölkələrə ixrac olunur. "Delta" ştammını isə "delta plyus" əvəz edir və bu gün xəstələrin 40-50 faizi məhz bu ştamma yoluxublar.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin fikrincə "delta" ştammı COVID-19 virusundan iki dəfə çox təhlükəlidir.
Gürcüstanda pandemiya qurbanlarının sayının artması da diqqət çəkən məqamlardandır. Gürcüstan ölüm sayına görə də dünyada yüksək göstəricisi olan dövlətlər sırasındadır.
A.Qamkrelidzenin fikrincə iyul ayında vaksin qəbul etmiş şəxslərin ölüm sayı 6 nəfərə qədərdir. Vaksinin iki dozasını qəbul edənlər arasında ölən olmayıb.
Onun sözlərinə görə, insanların vaksinə inamının olmaması ciddi problem olaraq qalır.
Diqqət çəkən başqa bir məsələ isə insanların peyvəndə olan münasibətidir. Koronavirusa qarşı peyvəndlənmə ilə əlaqədar keçirilən rəy sorğusunda iştirak edənlərin 47 faizi vaksin vurdurmayacağını bildirib. Respondentlərin 56 faizi hansı dövlət saytında qeydiyyatdan keçməyin lazım olduğunu belə bilmir. Tibb işçiləri arasında da entuziazm elə də yüksək deyil.
Nazir Y.Tikaradze həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yaxın iki həftə ərzində virusa yoluxma hallarının azalacağına ümid etdiyini bildirib.
Səhiyyə işçiləri pandemiya ilə əlaqədar daha ciddi tədbirlərin görülməsini qadağaların tətbiqində görür. Hökumət isə iqtisadiyyata kömək məqsədilə daha ağır qapanmalara getmir. Turizm sezonu dövründə bu cür qapanmalar daha ağır nəticələrə səbəb ola bilər. Bu gün Gürcüstana Rusiya, Ukrayna və ərəb ölkələrindən gələn yüzlərlə turistin hesabına isə virus daha çox yayılmağa başlayıb.
Ekspertlər hesab edirlər ki, hökumətin sərt karantin rejimini tətbiq edə bilməməsinin səbəblərindən biri də payızda keçiriləcək bələdiyyə seçkiləridir. Hökumət bu minvalla bir neçə istiqamətdə mübarizə aparmalıdır.
Pandemiyanın yayılmasına imkan yaradan digər bir səbəb isə Baş nazir İrakli Qaribaşvilinin pandemiya dövründə qayda pozuntularına yol vermiş insanlara tətbiq edilən cərimələrin silinməsinə dair amnistiya elan etməsidir. Onun bu qərarı birmənalı qarşılanmayıb. Bildirilir ki, amnistiya nəticəsində 245 min insan və 344 şirkət 23 milyon dollar həcmində cəriməni ödəməkdən azad edilib. Analitiklər hesab edirlər ki, bu addım insanların cərimələrə olan inamını daha da azaldıb. Onlar hesab edirlər ki, seçki öncəsi hökumət yenidən cərimələri siləcək. Bu isə insanların daha məsuliyyətsiz olmasına və nəticədə virusun daha geniş yayılmasına səbəb olacaq.
Mütəxəssislər hesab edirlər ki, payızda Gürcüstanda koronavirusun 5-ci dalğası daha ağır keçəcək.