Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 14:27
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “üzvləri”nin səfəri və səfər çərçivəsində keçirilən görüşlə əlaqədar Avstraliya hökumətinə və qanunverici orqanına etiraz məktubu göndərib.
İcmadan Trend-ə verilən məlumata görə, məktubda bildirilir ki, qondarma rejimin üzvlərinin Avstraliyaya səfər etməsi birbaşa Avstraliya hökumətinin rəsmi mövqeyinə ziddir:
"Avstraliya hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olduğunu bəyan edib. Qeyd edirik ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda etnik təmizləmə aparılıb və yüz minlərlə soydaşımızöz torpaqlarından didərgin düşüb. Bu gün erməni diasporu Avstraliyada qondarma rejimi təbliğ edir və işğalın nəticələrini legitimləşdirməyə çalışır. Belə bir məqamda qondarma rejimin “üzvləri”nə bəzi Avstraliya rəsmiləri tərəfindən “xoş münasibət” göstərilməsini biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq qəbuledilməz hesab edirik".
Məktubu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, icmanın idarə heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Elçin Əhmədov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və.s imzalayıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin