Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 11:03
"Azərbaycan Prezidentinin Şuşa səfəri çərçivəsində səsləndirdiyi fikirlər, qeyd etdiyi tezislər eyni zamanda Azərbaycan cəmiyyətinin Şuşaya, işğaldan azad olunmuş digər ərazilərə, bütövlükdə Qarabağa münasibəti, eyni zamanda qısa müddət ərzində Şuşada görülən quruculuq işləri bir daha onu sübut etdi ki, bu torpaqlar tarixən bizim torpaqlar olub, bu torpaqlar Azərbaycana bağlıdır və 29 il ərzində mövcud olan erməni işğalı bununla bağlı kökündən heç nəyi dəyişə bilmədi".
Bunu Sonxeber.net-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, nə erməni xalqının, nə Ermənistan dövlətinin o torpaqlarla hər hansı bir bağlılığı var:
"Ermənilər bu illər ərzində işğal etdiyi ərazilərimizdə heç bir quruculuq işləri görmədilər. Nə qədər təbliğat aparmağa çalışsalar da o torpaqların ermənilərə hər hansı bir bağlılığı ilə əlaqəli heç bir sübut ortaya qoyulmadı, reallığı əks etdirəcək heç bir tezis səsləndirilmədi. Ona görə də bütün bunlar onu deməyə əsas verir ki, 29 il ərzində mövcud olmuş işğal əslində heç nəyi dəyişmədi. O torpaqlar Azərbaycan torpaqlarıdır və çox sevindirici haldır ki, dövlət başçısı bu dərəcədə yüksək vətənpərvərlik nümayiş etdirərək Azərbaycan cəmiyyətini işğaldan azad olunan torpaqların bərpasına, inkişaf etdirilməsinə istiqamətləndirə bilir. Bu, olduqca mühümdür, çünki ölkə ictimaiyyəti faktiki olaraq işğaldan azad olunan torpaqların inkişafı mövzusu ətrafında konsolidasiya olunub və bu, sözsüz ki, dövlət başçısının böyük xidmətidir, böyük missiyasıdır.
Hesab edirəm ki, yaxın müddətli perspektivdə işğaldan azad olunan ərazilərdə elə keyfiyyətli quruculuq işləri görəcəyik ki, hətta Ermənistana bu illər ərzində dəstək verməyə çalışan bir sıra beynəlxalq müşahidəçilər, ekspertlər, ölkələr belə görəcəklər ki, bu torpaqlara Azərbaycan dövlətinin, cəmiyyətinin münasibəti necə olur, Ermənistan dövlətinin keçən 29 ildə münasibəti necə olmuşdu. Çünki unutmayaq ki, erməni işğalı zamanı hətta bulaqlar belə dağıdılmışdı. Yəni bütün bunlar onu deməyə əsas verir ki, nə Ermənistan xalqının, nə Ermənistan dövlətinin o torpaqlarla hər hansı bir bağlılığı var və bu, qədim Azərbaycan torpaqlarıdır. Azərbaycan xalqı daim bu torpaqların qorunması naminə bütün imkanlarından istifadə edəcək və bu torpaqlar bir daha heç vaxt işğala məruz qalmamalıdır".
Təhməz Əsədov