Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 23:42
Əfsuslar olsun ki, dəm qazı ilə zəhərlənmə yaşadığımız dövrdə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Bu bədbəxtlikdən qurtulmaq üçün ilk növbədə bütün yollarla onun qarşısını almaq lazımdır.
Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq və s. bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!
Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:
- zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);
- əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;
- ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);
- zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;
- əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (bax, "Ürəyin xarici masajı" və "Süni tənəffüs").
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal "təcili yardım" çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda "təcili yardım" çağırışını ləğv etməyin!