Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən həsrəti ilə döyünən ürək - FOTO

Vətən həsrəti ilə döyünən ürək - FOTO

Tarix: 10 Sentyabr 2021 22:36

Erməni qaniçənliyinin və vəhşiliyinin şahidi olanda onun hələ 10 yaşı var idi. Valideynləri də hiss edirdilər ki, Azərdə həssaslıq və vətənpərvərlik duyğusu çox yüksəkdir. Səkkiz uşaqlı bir ailədə böyüyən Azər bütün fikrini dərslərinə verirdi. Oxuduğu Naftalan şəhəri 33 nömrəli tam orta məktəbdə nümunəvi və əlaçı şagird kimi müəllimlərin sevgisini qazanmışdı.

Lakin hələ uşaq ikən şahidi olduğu, gördüyü hadisələr onun gözünün qabağında idi. Ona görə də orta məktəbi bitirəndən sonra hərb yolunu seçdi. Dörd il ali hərbi məktəbdə təhsil alıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azər Mikayılov 2002-2003-cü illərdə Silahlı Qüvvələrin təlim-tədris mərkəzində təhsilini davam etdirib. 2003-cü ildən Naxçıvanda Silahlı Qüvvələrin Quru Qoşunlarında tağım komandiri olub. Xidməti dövründə o, əsl kəşfiyyatçı kimi formalaşıb. 17 il Naxçıvanda qulluq edəndən sonra polkovnik-leytenant rütbəsi alaraq Beyləqandakı hərbi hissələrdən birində xidmətini davam etdirirdi.

O, çox sirr saxlayan idi. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib yaralansa da, bunu ailə üzvlərinə bildirməmişdi.

Sentyabrın 27-də isə Vətən müharibəsi uğrunda döyüşlərə qatıldığını gizlədə bilməmişdi. Vətən müharibəsi başlayanda Azər artıq Füzuli rayonu ərazisində idi...

Azər Mikayılovun komandirlik etdiyi hərbi hissə oktyabrın 8-dək Cəbrayıl-Hadrut istiqamətində döyüş əməliyyatları aparıb. O, igid əsgərlərlə birlikdə düşmənə sarsıdıcı zərbə vurub, onlarla yaşayış məntəqəsini işğalçıların tapdağından azad edib.

Oktyabrın 7-də atası Əmrahla son telefon danışığında ona ürək-dirək verib, Qarabağın tezliklə düşməndən azad ediləcəyini bildirib, valideynlərinin onun üçün narahatlıq keçirməməsini xahiş edib.

Oktyabrın 8-də Cəbrayıl-Hadrut istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Həmin gün oğlunun doğum günü idi...

Azər Mikayılov 1980-ci ildə Kəlbəcərin Quzeyçirgin kəndində doğulub. Doğma yurdu işğal altına düşdükdən sonra ailələri Goranboy rayonuna pənah aparmışdı.

O, sağlığında "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi, Silahlı Qüvvələrin 90, 95, 100 illiyi yubiley medalları ilə təltif olunub. Şəhid olandan sonra "Qarabağ" ordeninə, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

Onun ürəyi Vətən arzusu, Vətən həsrəti ilə döyünürdü. Təəssüf ki, doğma Kəlbəcərə qovuşmaq Azərə qismət olmadı. Əlbəttə, bütün varlığı ilə doğma yurda, ata-baba ocağına bağlı olan cəsur komandirin müqəddəs ruhu Kəlbəcərin aydın səmasında rahatlıq tapıb...


Etiketlər:  Vətən həsrəti ilə döyünən ürək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ