Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 16:48
Üç il övlad həsrəti ilə yaşayan Mürşüdlü ailəsini Tanrı ikiqat deyil, üçqat deyil, tam beşqat mükafatlandırdı. Beş uşaq dünayaya gətirəcəyini biləndə 29 yaşlı Lamiyə sevinc və fərqli hisslər yaşadığını deyir. Amma görünür, övladları dünyaya gəldikdən sonra qarşılaşacağı çətinliklərdən xəbərsiz idi.
İlk acını elə doğum evində yaşadı, körpələrdən birinin ömrü çox qısa oldu. İndi qəhrəman ananın qarşısında duran ən böyük missiya 4 uşağını böyüdüb, boya-başa çatdırmaq, onlara firavan həyat bəxş etməkdir.
Sonxeber.net xəbər verir ki, modern.az-ın əməkdaşları Lamiyə Mürşüdlünü evində ziyarət edərək, onunla həmsöhbət olub.
- Əvvəlcədən soruşmaq istərdik, beş övladınızın olacağını gözləyərdinizmi?
- Sözün açığı gözləmirdim, amma həmişə əkiz övladımın olmasını istəyirdim. Tibbi yoxlanış zamanı beş uşağımın olacağını eşidəndə, mənim üçün gözlənilməz oldu. Müalicələr dövründə mənə dörd embrion yerləşdirilmişdi. Daha sonra biri iki yerə bölünərək beş olmuşdu.
-Eyni anda beş övlad dünyaya gətirmək necə hiss idi?
Çox fərqli və gözəl hisslər yaşadım.
- Körpələrə baxarkən hansı çətinliklərlə üzləşirsiniz?
- Uşaqlara çox vaxt tək baxıram. Nadir hallarda ya yoldaşımın, ya da mənim valideyinlərim gəlib kömək edirlər. Səhhətləri ilə əlaqədar olaraq daimi gələ bilmirlər. Əgər gündüz gəliblərsə, mən gecə tək baxıram və ya əksinə. Bu isə çox yorucudur. Dörd uşaq eyni anda ağlayanda, onlara baxmaq çətindir. Uşaqların yemək qrafikinə ciddi şəkildə əməl olunur. Hərəsinin öz vaxtı var, həmin saatda yeməklərini verirəm. Analar qıymırlar yatan uşağı oyatsınlar, amma biz məcburiyyət qarşısında onları oyadırıq. Əgər oyatmasam qrafik pozular və eyni anda dörd uşağın ağlama prosesinə gəlib çıxar.
- Bəs ad seçiminə necə qərar verdiniz?
-Uşaqların adlarının seçiminə biz qərar verməmişdik. Hamilə olarkən yoldaşımla razılığa gəldik ki, adı böyüklərimiz qoysun. Üç il müddətində bütün həkimlərin bizə qurduğu bir cümlə var idi: "Mümkün deyil, olmayacaq". İkinci əməliyyatımdan sonra ümumiyyətlə imtina edirdilər, bəzi həkimlər məni qəbul etmirdi. Öncə dördüz olacaqlarını bildiyimiz üçün ikisinə mənim, ikisinə isə yoldaşımın valideynlərinin ad qoymasını istəmişdik. Sonra üç oğlan iki qız olacağını öyrəndik, ancaq doğum anında dörd oğlan bir qız olduğunu biləndə mənim üçün gözlənilməz oldu. Hətta həkimə dedim ki, iki qız olmalıdır. Allahın bu gününə şükür bir oğlumuzu itirsək də digər övladlarımız sağ-salamatdır. Uşaqların adları Altay, Emin, Turan və Alesiyadır.
- Həyat yoldaşınız uşaqlara baxmağa kömək edir?
- Yoldaşım səhər saat 6-da evdən çıxıb, axşam 8-də gəlir, işi ağırdır. Bütün günü ayaqüstündə olur, hava şəraitindən asılı olmayaraq, hər gün çalışır. Evə gəldiyi zaman gücünün çatdığı qədər köməklik göstərə bilir. Ağır bir işdə çalışan, evə gec saatda gələn birindən gecə boyunca mənə yardım etməsini tələb etmək insafsızlıq olar.
- Maddi durumunuz uşaqlara baxmağa kifayət edirmi?
- Ailəmizdə yalnız yoldaşım işləyir, mən analıq məzuniyyətindəyəm. Analıq məzuniyyətində bir dəfəlik ödəmə olur, əlavə yardım olmur. Maddi yardımı işlədiyim yerdən premya olaraq verdilər. Müdriyyətimiz tərəfindən uşaqlar üçün araba alındı. Müxtəlif şirkətlər tərəfindən yardımlar oldu.
- Gələcəkdə övladlarınızın hansı peşəyə sahib olmalarını istərdiniz?
- Peşə olaraq seçimimiz yoxdur, özləri hansı sahələri istəsələr, ora da yönələrlər. Bizim üçün vacib olan onların əxlaqlı, tərbiyəli və normal insan olmalarıdır. Vicdanlı insan hansı peşədə olmasından asılı olmayaraq, o öz işini layiqincə yerinə yetirəcək. Önəmli olan onlara insanlığı öyrətmək, doğru tərbiyə verməkdir.