Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 07:54
Amneziya özünü yaddaş problemləri ilə göstərən patologiyadır. Amneziya zamanı insan keçmişdə baş verənləri xatırlamır. Amneziya yaşayan adamlar yaddaş problemləri ilə əlaqədar olaraq çoxlu problemlər yaşayırlar. Onlar bəzən özləri haqda məlumatları belə unudurlar.
Nevroloji amneziya beynin müəyyən hissəsinin zədələnməsi zamanı baş verir. Adətən belə amneziya daimi olur. Psixoloji səbəblərdən meydana çıxan amneziya isə müvəqqəti xarakter daşıyır. Bu əsasən stress faktorları ilə əlaqəli olaraq meydana çıxır.
Amneziyanın növləri.
Həkimlər amneziyanı 6 növünü ayırd edirlər.
1. Anteroqrad amneziya baş beyninin zədələnməsi ilə əlaqədar olaraq meydana çıxan yaddaş pozğunluğudur. Bu zaman xəstə zədə aldığı andan sonra bir çox şeyi xatırlamır. O hətta öz iş yoldaşının adını yadına sala bilmir. Xəstə zədə almazdan qabaq kiminlə və harada səhər yeməyini yediyini belə xatırlamır. Belə xəstələr həyatları və işləri ilə əlaqədar çoxlu problemlər yaşayırlar. Anteroqrad amneziya xəstə və onun ətrafında olan adamların həyat fəaliyyətinə mənfi təsir bağışlayır.
2. Retroqrad amneziya beyin xəstəlikləri zamanı baş verən amneziyadır. Bu zaman xəstələrdə qısamüddətli xatırlamalar meydana çıxa bilir. Bu amneziya müalicəyə tabe olmur.
3. Dissosiativ amneziya xəstənin şəxsi həyatı barədə olan məlumatları və ümumi bildiklərini xatırlaya bilməməsidir. Bu növ amneziya adətən ağır qəzalardan və ya travmatik şoklardan sonra meydana çıxır. Dissosiativ amneziya özlüyündə total, lokal və müvəqqəti olaraq meydana çıxa bilir.
4. Uşaq amneziyası uşaqlıq illərinin xatırlanmaması ilə özünü göstərir. Bu baş beyində meydana gələn xəstəliklərin ilkin əlaməti kimi qiymətləndirilir.
5. Tranzitor amneziya sağlam adamlarda meydana çıxan qısamüddətli amneziyadır. Bu zaman insan az müddət əvvəl baş verən informasiyanı xatırlamır, amma sonra informasiya yada düşür. Adətən bu müddət bir gündən uzun baş vermir. Nadir hallarda informasiyanı bir-neçə gündən sonra xatırlama hallarına da rast gəlinir.
6. Psixoz amneziya tez-tez proqressivləşən amneziyadır. Bu ən çox spirtli içki içənlərdə meydana çıxır. Onun yaranma səbəbi nevroloji disfunksiyalardır. Bu Vernike Korsakov sindromu adlanır. Bu zaman xəstə alkohollu olduğu halda baş verənləri xatırlaya bilmir.
Amneziyanın əmələgəlmə səbəbləri aşağıdakılardır:
* iflic
* beynin infeksion xəstəlikləri
* beyində baş verən oksigen aclığı
* uzun müddət spirtli içki qəbulu
* beynin şiş xəstəlikləri
* baş beynin degenerativ xəstəlikləri
* epilepsiya
* bəzi dərman preparatları (benzodiazepinlər).
Kəllə-beyin travmaları, beyin silklələnməsi də yaddaşın itməsinə səbəb olan amillərdəndir. Uzun müddət yuxusuzluq, emosional və psixi travmalar, beyin əməliyyatları amneziyanın meydana çıxmaslına səbəb ola bilir.
Mütəxəssislər hər bir halda yaddaş problemləri yaşayan xəstələri həkimə müraciət etməyi tövsiyə edir.