Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Otellər VS koronavirus: təmizlik sağlamlığın rəhnidir

Otellər VS koronavirus: təmizlik sağlamlığın rəhnidir

Tarix: 21 Sentyabr 2021 11:58

Pandemiya dövründə otel və mehmanxanalar sanitar qaydalara necə əməl edirlər və səyahətə çıxanlar nələrdən ehtiyat etməlidirlər?

Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, koronavirus dövrünə qədər turistlər  mehmanxana seçərkən əsasən qiymət və mehmanxananın yerləşdiyi ərazi və bir də bronlaşdırma sisteminin çevikliyi nəzərə alınırdı. Otellərin gigiyena normalarına əməl edib-etməmələri,  sanitar təmizliyin aparılıb-aparılmaması az adamı maraqlandırırdı. Lakin bütün dünyada COVİD-19-un tüğyan etdiyi indiki vaxtda məzuniyyət və ya ezamiyyətə çıxanların seçimləri zamanı təmizlik əsas göstəriciyə çevrilir.

2 əsas tədbir

2020-ci ildə koronavirus mehmanxana biznesinə zərbə vurdu, sosial  məsafəyə əməl edilməsi əsas meyarlardan birinə çevrildi. Turistlər insanların kütləvi  istifadə etdikləri lobbi, idman zalları, hovuz, ümumi sanitar qovşaq kimi məkanlardan uzaq durmağa çalışdılar.

İkinci  tədbir üz- üzə təmasların  minimuma endirmək  üçün qonaqların qəbulu və yola salınması zamanı sənədsiz gediş-gəlişin təmini oldu.

Getdikcə daha çox otel rəqəmsal xidmətlərdən istifadə etməyə  üstünlük verdi və bu otel biznesi  üçün müsbət addım oldu.

" Virtual resepşn"  ifadəsi gündəlik həyatımıza daxil oldu və nağdsız ödənişlər adi hala çevrildi.

Lakin  distant idarəetmə, təmassız   çekin/çekaut yeniliklərin cüzi bir hissəsidir. Pandemiya müddəti uzandıqca aydın oldu ki, mehmanxanalarda yerləşmə prossesi və turistlərə təklif olunan şərtlərə yenidən baxılmalıdır.

Təmizliyin 10 şərti

1.Sanitariya baxımından bütün otellərdə, ilk növbədə  elementar sosial məsafə qaydalarına diqqət yetirilir.

Otelə daxil olarkən, qonaqların bir-birindən məsafə saxlaya bilməsi üçün  qoyulan  işarələr və yaradılan şərait  diqqət çəkməlidir.

Bəzi otellərdə əlavə ehtiyat tədbiri olaraq, məlumat köşkünə yaxınlaşmaq üçün arakəsmələr qoyulur.

2.  Foyedə insanların toplaşmasının qarşısını almaq  qonaqların faktiki girişindən öncə qeydiyyatı aparılır.

3. Bütün otellərdə qonaqların temperaturu ölçülür. Bir çox obyektlərdə baqaj dezinfeksiya edilir.

4. Lobidə, bütün mərtəbələrdə və otaqlarda əlləri təmizləmək  üçün  avtomatlar var. Bəzi otellərdə dezinfeksiya edən xalılar, bakteriyalara qarşı ultrabənövşəyi hava dezinfeksiyaediciləri, elektrostatik spreylərə rast gəlmək olur. Otaqlardakı tualet vasitələri arasında dezinfeksiyaedici salfetlər  yerləşdirilməlidir.

5. Otel işçiləri maska ​​və əlcək taxırlar. Eyni zamanda, qonaqların istifadə etməsi üçün maskalar qoyulur.

6. "Məlumat köşkü" zonası və digər ümumişlək yerlərdə istifadə edilmiş maskaların, əlcəklərin atılması üçün xüsusi qablar qoyulur.

7. Bəzi otellər liftlərdən istifadə üçün yeni qaydalar tərtib edib. Liftlərdən eyni zamanda istifadə edənlərin sayına da məhdudiyyət qoyulub.

8. Eyni qayda hovuz, idman zalı və SPA salonlarına da aiddir, bu xidmətlərdən istifadə etmək üçün öncədən yazılmaq lazımdır. İdman alətləri, şezlonqlar, oturacaqlar bir-birindən maksimal dərəcədə uzaqda yerləşdirilir və əlbəttə bütün əşyalar istifadədən əvvəl və sonra təmizlənir.

9. Bir çox otellər otaqda əlavə xidmətlər göstərməyə başlayıb. Məsələn, SPA prosedurlarını otaqlarda təklif edirlər. Və yaxud otaqlara monitorları olan idman alətləri qoyulur, bunun sayəsində qonaq özünü məşqçi ilə idman edirmiş kimi hiss edir.

Yeməklərin otaqlara çatdırılmasını ayrıca qeyd etmək lazımdır. Bəzi otellərdə  yeməyi otağın qapısı qarşısında qoyurlar. Sifarişi otelin mobil tətbiqi vasitəsi ilə etmək olar. Ödəniş də eyni üsulla aparılır. Bir sıra otellərdə birdəfəlik yemək qablarının istifadəsinə keçiblər.

10. Qapı tutacaqları, lift düymələri, ictimai tualetlər, tutacaqlar, tez-tez toxunulan səthlər və s. müntəzəm olaraq dezinfeksiya edilir.

"Yaxşı otaq"

Turistlər daha çox özlərinin qaldıqları otaqların dezinfeksiya edilməsinə diqqət yetirməlidirlər. Bütün "yaxşı" otellərdə təmizliyə  xüsusi diqqət yetirilir.  Otaqlarda son dəfə aparılmış  və planlaşdırılan təmizlik işlərinin cədvəli  asılır, yeni gigiyena qaydaları haqqında məlumat  verilir. Qonaq getdikdən sonra otaq təmizlənir, dezinfeksiya edilir və ozonlaşdırılır. Yeri gəlmişkən, bəzi otellərdə yeni otaq havalandırma rejimi tətbiq edilir, başqa sözlə desək, otaq bir neçə saat boş  saxlanılır.

Lüks otellərdə dəhlizlər və otaqlar qara işıq lampaları və elektrostatik filtrlər vasitəsilə tamamilə yoxlanılır. Böyük otel şəbəkələri  təhlükəsizlik və səhiyyə məsələləri ilə əlaqədar tibb mərkəzləri ilə əməkdaşlıq qurub, kiçik otellər ən azından dezinfeksiyaedici məhsullarla tam təchiz olunub.  

Bir çox qonaqların yəqin ki, diqqətini çəkib, otaqlarda  əşyaların sayı minimuma endirilib, bununla da otellər gigiyena qaydalarına əməl etmək üçün qonaqların tez-tez  toxunduğu çoxlu sayda əşyaları təmizləmək qayğısından azad olub.

Əlbəttə ki, bütün otellərdə mütəxəssislər gələnə qədər koronavirus şübhəsi olan qonağın yerləşə biləcəyi xüsusi karantin otaqları olmalıdır.

"Ulduz xəstəliyi"

Aydındır ki, bütün otellər gigiyena tədbirlərinin bütöv kompleksinə əməl edə bilmirlər.  Əslində otelin statusu, neçə ulduzlu olması burda əsas meyar ola bilər.

Ancaq bildiyiniz kimi turistlər fərqlidir, hamı lüks oteldə otaq sifariş edə bilmir. Orta səviyyəli  oteldə otaq sifariş etməzdən əvvəl, sanitariya normalarına  hansı səviyyədə əməl edilməsinə dair mümkün qədər çox şey öyrənmək lazımdır.

Bu mənada turistlərin rəyləri  kömək edə bilər. Ancaq yadda saxlamaq lazımdır ki, sağlamlıqla bağlı qənaət  insana baha başa gələ bilər. Buna görə də otel seçərkən qiymət kriteriyasına da diqqət etmək lazımdır. Nisbətən ucuz  lakin, populyar otel  illərlə qazandığı nüfuzunu zərbə altında qoymaq istəməz.

Unutmayın: özünə hörmət edən hər bir otel, koronavirus infeksiyası riskini azaltmaq və qonaqların təhlükəsizliyini təmin etmək üçün otel biznesi sahəsinin ümumi qaydalarına, qoyulan şərtlərə əməl edəcək.

Bəs bizdə necədir?

Azərbaycan Nazirlər Kabineti  2020-ci ilin avqustunda koronavirus pandemiyası dövründə otellərin işləmə qaydalarını təsdiqlədi. Ancaq  bu qaydalar hostel, qonaq evləri və s. kimi obyektlərə şamil edilmir. Başqa sözlə, qaydalar  kateqoriyasından asılı olmayaraq otel kimi təqdim edilmiş obyektlərin hamısına aid edilir.

Qaydalara görə, otellərdə dezinfeksiya işləri mütəmadi aparılmalıdır. Eyni zamanda, otaq boşaldıqdan sonra kompleks dizenfeksiya zəruridir. Başqa sözlə, orta səviyyəli otel seçsəniz belə bilin ki, Nazirlər Kabinetinin qaydaları orada da tətbiq olunmalıdır və olunur.

Ödənişin təmassız həyata keçirilməsi xüsusi  qeyd edilib. Nağd ödəniş zamanı təhlükəsizlik və dezinfeksiya qaydalarına əməl edilməlidir. Sənəddə sifarişlərin  mobil tətbiqlər üzərindən edilməsi barədə də qeyd var.

Etiraf edək ki, heç də bütün otellərdə belə xidmət  tətbiq olunmur.

Bütün  mehmanxana və otel işçiləri həftədə bir dəfə COVID-19 testləri verməlidirlər.

Bu qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Dövlət Turizm Agentliyi (GAT) tərəfindən həyata keçirilir.

Tələblərə cavab verən otellər GAT-dan "SAHMAN" sanitariya-gigiyenik nişanı alırlar. Yeri gəlmişkən, bu, ölkəmizdə otel seçərkən əldə rəhbər tutacağımız əsas  meyar ola  bilər.

Son olaraq: Turistlər arasında kiçik bir sorğu keçirdik və bu, otel seçmək üçün qiymət meyarları ilə bağlı qənaətimizin doğruluğunu təsdiqlədi. Azərbaycanda  istirahət edənlərin 90% -i  "4 ulduzlu" və  daha keyfiyyətli  otellərdə onlara   dezinfeksiya aparıldığına dair məlumat verildiyini söylədilər. Otel statusu daşımayan digər qonaq evlərində isə temperaturun ölçülməsi və dizenfeksiyaedici məhlulların qoyulması ilə iş bitmiş hesab edilir.

Seçim sizə qalıb.


Etiketlər:  Otellər koronavirus təmizlik sağlamlığın rəhnidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ