Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 14:42
Azərbaycanda 2 milyon tondan artıq buğda yığılıb
Azərbaycanda buğda yığımı başa çatmaq üzrədir. Dünyanın əksər yerlərində quraqlıq, meşə yanğınları ilə bağlı məhsuldarlıq aşağı olduğu halda, Azərbaycan fermeri bütövlükdə vəziyətdən razı görünür. Bu il ölkənin hətta dəmyə əkinçilik bölgələrində məhsuldarlıq hektar üzrə 3 tonu keçib. Bunu REAL TV-nin əməkdaşları ilə söhbətlərində ölkənin Gəncə - Qazax, Yuxarı Şirvan və digər bölgələri təmsil edən sadə zəhmət adamları deyiblər. Hökumət təmsilçiləri də bu fikri paylaşırlar. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə də REAL TV-yə müsahibəsində bütövlükdə bu ilki nəticələri uğurlu sayıb.
Yəni artıq indidən məlumdur ki, bu ilki məhsul ötən ilkindən xeyli çox olacaq. 2020-ci ildə Azərbaycanda yığılan buğdanın miqdarı 1 milyon 867 min ton olmuşdu. Halbuki, Beynəlxalq Taxıl Şurası bu il dünya üzrə yığılan buğdanın kəskin azaldığını bildirir. Qurumun məlumatına görə, bu il avqustun ortalarınadək dünya üzrə 737 milyon ton buğda istehsal edilib, ötən ilin eyni dövründə isə istehsal 760 milyon tona bərabər idi. Şura azalmanı 2021-ci ildə planetin əksər bölgələrində yaşanan quraqlıq və meşə yanğınları kimi problemlərlə izah edir. Təbii ki, oxşar problemlər bizim regionda da müşahidə edilirdi, amma nəticələr göstərir ki, bütün dünyadan fərqli olaraq Azərbaycan vəziyyəti daha uğurlu idarə edib. Firdovsi Fikrətzadə bunu hər hektardan alınan buğda göstəricisinin artırılması üzrə ardıcıl aparılan siyasətlə əlaqələndirib.
Bu ilki məhsulun çox olması Azərbaycanın cari ehtiyacları üçün idxal etdiyi buğdanı azalğtmasına imkan yaradıb. Bu sahədə də nəticələr uğurludur. 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana 480 min ton buğda idxal edilib və buna 122 milyon dollar xərclənib, yəni alınan buğlanın tonu 254 dollara düşüb. Halbuki, 2020-ci ilin yanvar-avqust aylarında ölkəyə 688 milyon tondan çox buğda gətirilmişdi və buna xeyli az - 147 milyon dollar vəsait xərclənmişdi. Onda buğdanın tonu orta hesabla 214 dollara alınmışdı. Yəni keçən ilin uyğun dövrü ilə müqayisədə bu il xaricdən buğdanın tonunu 40 dollar baha alınıb. Yəni qiymətlərin bu qədər kəskin artdığı şəraitdə cari buğda idxalını 30 faizdən çox azaltmaq da ciddi uğur sayılır. Bu, hər şeydən öncə həm də təhlükəsizlik məsələsidir. Buna görə də Firdovsi Fikrətzadə məhsuldarlığı artırmaq hesabına ölkənin taxılla təminatının artarılmasını vacib sayır.
Onun sözlərinə görə, Azərbaycanın ümumi buğdaya tələbatı 3,3-3,4 milyon ton ətrafında dəyişir. Orta hesabla bunun 2 milyon tonu ölkə daxilində istehsal edilir. Hər il təxminən 1,4 milyon ton buğda idxal edilir. Yerli buğda əsasən yem məqsədi ilə satılır və qismən də kəndli ailələrində ərzaq buğdası kimi işlədilir. İri dəyirmanlar əsasən idxal buğdası ilə işləyir. Təbii ki, bu da ölkənin ərzaq təhlükəsizliyi baxımından əlverişli deyil. Buna görə də ölkənin hədəf idxal göstəricisini ildən ilə azaldaraq, sıfra endirməkdir. Təbii ki, Azərbaycan məhdud torpaq sahəsinə malik bir ölkədə bu. yalnız məhsuldarlığın artırılması hesabına mümkündür. Firdovsi Fikrətzadə ölkədə yaradılan iri taxılçılıq təsərrüfatlarında qazanılan təcrübənin bu məsələdə çox faydalı olacağını bildirir.
Lakin mövcud yerli potensialın daha səmərəli isttfadəsi üzrə də işlər görülür və bu da təbii ki, ölkənin ərzaq buğdası ilə təminatında yerli mənbələrin payını artırır. İlk məsələ, fermerləri real olaraq buğda əkininə təşviq etməkdir ki, Azərbaycanın subsidiyalaşdırmaya başladığı ilk illərdə bu məsələdə ciddi problem yaşanırdı. Fermerlər samanı daha keyfiyyətli olan arpanı əkərək, buğda kimi bəyan edirdilər və daha çox subsidiya alırdılar. Bu, ölkədəki real buğdanı azaltmaqla yanaşı, göstəricilərin təhrif olunmasına da səbəb olurdu. Firdovsi Fikrətzadə nazirlik səviyyəsində bununla ciddi mübarizə aparıldığını deyir.
Yerli buğdanın şəhər əhalisinin ərzaq rasionuna daxil edilməsi üzrə ikinci addım isə sosial şəbəkələrdə başlayıb. Artıq şəbəkələrdə kənd dəyirmanlarında istehsal edilmiş kəpəkli unun kəndli üçün çox əlverişli qiymətə - kilosu 1 manata satışı üzrə tələb və təkliflər gəlməyə başlayıb ki, bu Azərbaycanda ənənəvi kənd dəyirmanları şəbəkəsiniin bərpasına şərait yaradacaq. Məsələ kəpəkli unun çox faydalı olması və elə də bahalı olmayan texnologiya ilə əldə edilməsi ilə bağlıdır. Yəni bu unu əldə etmək üçün yerli buğdanı sadəcə klassik - bir daşla işləyən kənd dəyirmanında üyütmək lazımdır. Problem ondadır ki, bu dəyirmanlar 1990-cı illərin əvvəllərində kimlər tərəfindənsə söküldü və avadanlıq ölkədən çıxarıldı. İndi isə həmin dəyirmanların yenidən bərpasının vaxtı çatıb və əhali bu istiqamətdə ilk addımları özü atır. Bu məsələ hökumətin də diqqətində olmalıdır.