Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Müharibə dövründə kimin şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü

Prezident İlham Əliyev: Müharibə dövründə kimin şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü

Tarix: 24 Sentyabr 2021 13:12

Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq? Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur.

Lakin Tərtər şəhəri, əlbəttə, daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı..

Deməliyəm ki, bəzi Qərb dairələri də bu niyyətdə idi, çünki bəzi müsahibələrim zamanı və ya müsahibədən sonrakı söhbətlərdə bəzi qərbli müxbirlər mənə təəccüblə deyirdilər ki, biz ermənilərin atəşlərindən həlak olmuş insanların dəfnində iştirak etmişik və orada heç bir narazılıq görməmişik, əksinə, hamı Sizin haqqınızda danışır, hamı Sizə təşəkkür edir, hamı istəyir ki, Siz bu işi sona çatdırasınız. Vəziyyət belə idi.

Tribunal məsələsinə gəldikdə isə, bilirsiniz, yaxşı məlumdur ki, hərbi cinayətlər üzrə beynəlxalq tribunal kifayət qədər siyasiləşdirilmiş, ikili standartlara, fərqli yanaşmalara əsaslanan təsisatdır və son illərin hadisələri bunu dəfələrlə sübut edib. Ermənistanın Qərbdə mövcud olan bu cür lobbist potensialı, Ermənistanın bir sıra Qərb ölkələri ilə xüsusi münasibətləri nəzərə alınmaqla, tam səmimi deyirəm, bizim buna nail olacağımıza ümid etmək çətindir. Hətta buna nail olsaq belə, onun Azərbaycana qara yaxmaq üçün növbəti vasitəyə çevrilməyəcəyinə, ədalətli məhkəmə olacağına zəmanət yoxdur. Lakin bununla bərabər, əlbəttə, müharibə dövründə törədilmiş hərbi cinayətlərlə bağlı bütün faktlar sənədləşdirilib və təbii ki, biz hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi tədbirlər görəcəyik.

İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə - bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Yəni, biz bu işi məqsədyönlü şəkildə aparırıq. Faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir. Beləliklə, biz təbii ki, cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik".


Etiketlər:  Prezident İlham Əliyev Müharibə dövründə kimin şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ