Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Professor Musa Qəniyev: Peyvəndləmə hər il Yer kürəsində 3 milyondan çox insanı ölümün pəncəsindən xilas edir

Professor Musa Qəniyev: Peyvəndləmə hər il Yer kürəsində 3 milyondan çox insanı ölümün pəncəsindən xilas edir

Tarix: 24 Sentyabr 2021 22:40

1796-cı ildən etibarən, yəni vaksinlərin praktik istifadəsinə başladığı ildən ta bu günədək peyvənd viral infeksiyalardan ən etibarlı qorunma vasitəsidir. Peyvəndləmə hər il yer kürəsində 3 milyondan çox əhalini ölümün pəncəsindən xilas edir. Vaksin müvafiq infeksiyanın orqanizmdə "nisbi xəstələnmə modeli"ni yaradır. Bu səbəbdən də peyvənddən sonra inyeksiya yerində ağrının olması, hətta bu ağrının bir neçə gün davam etməsi, qızdırma, üşütmə, halsızlıq, ishal, baş, əzələ, oynaq ağrısı və s. müşahidə edilməsi normal gözləntilərdir. Yəni, bunlar peyvəndin yan təsirləri deyil. Bu, yalnız formalaşan immunitetə orqanizmin lokal və ya sistem reaksiyasıdır ki, qısa müddətdən sonra tamamilə aradan qalxır.

Milli.Az bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, istənilən infeksiya kimi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı təbii immunitetin yaranması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, infeksiyaya yoluxub sağalmış insanlarda əmələ gələn immunitet həmin virusa qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur: "Çünki təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə qarşı hüceyrə yaddaşına total şəkildə həkk olunan aktiv immunitet formalaşdırır. Odur ki, mutant ştamından asılı olmayaraq, bütün təkrar yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni mövsümi infeksiya kimi keçirir".

M.Qəniyevin sözlərinə görə, COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır. Odur ki, öpüşüb-görüşməkdən imtina etməklə də yoluxma sayının kəskin azalmasına nail olmaq mümkündür.

Kafedra müdiri "lyambda" və "mu" ştamları haqqında danışaraq bildirib ki, hər iki variant COVID-19-dan genom fərqliliyi göstərən 24 mutant ştamdan bir neçəsidir: "İstər "lyambda", istərsə də "mu" ştamında ana virus - COVID-19-dan fərqlilik yalnız SHCO-14 zülalında törənən dəyişiklikdir. SHCO-14-ün yeganə funksiyası virusa yoluxmanın təminatçısı olmaqdır. Odur ki, bu struktur vahidində törənən dəyişiklik heç bir halda virusun patogen fəallığı və letallıq əmsalının yüksəlməsi və ya xəstəliyin ağır gedişinə səbəb ola bilməz. COVID-19-un genom fərqliliyi göstərən bütün mutantları, o cümlədən "lyambda" və "mu" ştamları da ana ştamdan müəyyən xüsusiyyəti, məsələn, yoluxdurma əmsalı və s. ilə fərqlənməlidir. Bu, mutasiyaya uğramanın əsas şərtidir, əks halda ana ştamın mutasiyaya məruz qalmasını söyləmək olmaz. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet - hər kəsi, bütün mutant ştamlardan, o cümlədən, "lyambda" və "mu" ştamından da aktiv şəkildə qorumalıdır. Belə şəxslərdə virusa təkrar yoluxma ehtimalı 0,002 faiz nisbətindən yüksək olmamalıdır. Əhalinin 40-60 faizinin vaksinləşəcəyi təqdirdə guya virusun daha dözümlü mutant ştamlar yaradacağı ilə bağlı deyilənlər isə əsassızdır.

COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus "xofunu" birdəfəlik unutmaqdır".

Milli.Az


Etiketlər:  Professor Musa Qəniyev Peyvəndləmə hər il Yer kürəsində 3 milyondan çox insanı ölümün pəncəsindən xilas edir


RƏYLƏR