Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 23:14
Fərdi qaydada hazırlıq keçən, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər gəlirin vergisini necə ödəməlidirlər?
Dövlət Vergi Xidmətindən Sonxeber.net-ın sualına cavab olaraq bildirilib ki, repetitorluq xidmətinin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.
Vergi orqanlarında uçota alındıqdan sonra vergiödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq əldə olunan gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibarı ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidirlər.
Bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı və hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğləri dövlət büdcəsinə ödənilməlidir.