Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 07:24
Qaraciyər sirrozu - qaraciyərin ağır xroniki və proqressivləşən xəstəliyidir.
Sirroz zamanı normal qaraciyər hüceyrələri (hipositlər) birləşdirici toxuma ilə əvəz olunur. Təbii olaraq bunun nəticəsində qaraciyər öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir.
Qaraciyərin öz funksiyasını itirməsi nəticəsində qaraciyər çatışmazlığı yaranır. Qaraciyər sirrozunun bu günə olan yeganə tam müalicə üsulu qaraciyər köçürülməsidir.
Qara ciyər sirrozunun əsas səbəbləri:
- Qara ciyərin kəskin və xroniki virus xəstəlikləri: B, C, D hepatitləri;
- Alkoqol. Alkoqol mənşəli qaraciyər sirrozu - uzun müddət ərzində alkoqollu içkiləri xeyli miqdarda qəbul edən insanlarda əmələ gəlir. Sirrozun bu forması, adətən, əvvəllər mövcud olan alkoqol mənşəli hepatit fonunda inkişaf edir;
- Qaraciyərin medikamentoz zədələnməsi: medikamentoz hepatit;
- Qaraciyərin parazitar (qurdlar tərəfindən törədilən) xəstəlikləri: exinokokkoz və s.;
- Öd ifrazedici sistemin xəstəlikləri;
- Maddələr mübadiləsinin anadangəlmə pozğunluqları: qalaktozemiya, orqanizmdə yağ mübadiləsinin pozulması və s.;
- Autoimmun pozğunluqlar. Qaraciyər sirrozunun bu forması immun sistemi fəaliyyətinin pozulması nəticəsində baş verir. Bu zaman immun sistemi qaraciyər hüceyrələrini yad hüceyrələr kimi qəbul edərək onlara qarşı mübarizə aparır. Nəticədə qaraciyər hüceyrələri məhv olaraq birləşdirici toxuma ilə əvəz olunur;
- Digər orqanların xəstəlikləri: ürək çatışmazlığı və s.
Qaraciyər sirrozu ləng inkişaf edir və ilk dövrlərdə, demək olar, heç bir simptomla özünü büruzə vermir. Sonrakı mərhələlərində qaraciyər sirrozunun aşağıdakı əlamətləri qeyd olunur:
- Yorğunluq, zəiflik, iş qabiliyyətinin azalması, yuxululluq;
- Sağ qabırğaaltı nahiyəsində ağrılar;
- İştahasızlıq, çəkinin azalması;
- Sarılıq - dərinin, göz sklerasının, ağız boşluğunun selikli qişasının saralması;
- Əllərin iç səthinin qızarması;
- Dərinin qaşınması - bəzən qaşınma dözülməz olur, axşamlar artır;
- Kapilyar damar ulduzları - dərinin bəzi sahələrində kapilyar damarlardan ibarət olan ulduz və ya hörümçək toruna bənzər izlər əmələ gəlir. Onlar təzyiq edilərkən itir, təzyiq aradan götürülən kimi yenidən qanla dolurlar.
- Qanaxmalara meyllilik - travmalar zamanı qanaxma uzun müddət ərzində dayanmır, dəridə tez-tez göyərmələ əmələ gəlir;
- Qaraciyər sirrozunun əsas əlamətlərindən biri portal hipertenziya sindromudur. Bu hal qapı venasında (qarın boşluğu üzvlərindən qanı qaraciyərə gətirən vena) təzyiqin artması nəticəsində baş verir. Qapı venasında təzyiqin artması səbəbindən qan qarın boşluğu üzvlərində ləngiməyə başlayır. Nəticədə qarın boşluğunda maye yığılır və qarın şişməyə başlayır. Bu hal "assit" adlanır.
Qaraciyər xəstəlikləri yaşadığımız dövrdə ölüm hadisələrinin ən çox təsadüf edilən səbəblərindən biridir.