Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlarda boğulma zamanı YARDIM. Bunu hər bir valideyn bilməlidir!

Uşaqlarda boğulma zamanı YARDIM. Bunu hər bir valideyn bilməlidir!

Tarix: 2 Oktyabr 2021 07:33

Bu, əsasən uşaqlarda olan problemdir. Yad cisim tənəffüs yollarının istənilən hissəsində - burunda, qırtlaqda, traxeyada, bronxlarda, hətta ağ ciyərdə də ola bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yad cismin qırtlaq və traxeyada olması ən təhlükəli hal hesab edilir.

Yad cismin tənəffüs yollarının bu hissələrində olması havanın ağ ciyərlərə daxil olmasını tamamilə dayandıra bilər! Uşağa dərhal müvafiq tibbi yardım göstərilməzsə, o, həlak ola bilər!

Bəzi hallarda uşağın tənəffüs yollarına düşən yad cisim xeyli müddət ərzində (günlər, həftələr, hətta illər) özünü heç bir əlamətlə büruzə verməyə bilər. Bir müddət keçdikdən sonra isə bu yad cisim ağ ciyər qanaxması və digər ciddi fəsadların yaranmasına səbəb ola bilər ki, onları da yalnız cərrahi yolla müalicə etmək olar.

Hörmətli valideynlər, uşağınızı yad cismin tənəffüs yollarına düşməsi nəticəsində yarana biləcək təhlükələrdən xilas etmək üçün, sadəcə olaraq 3-4 yaşınadək olan uşaqlara çox kiçik oyuncaqlar, əşyalar və qida məhsullarını (qoz, fındıq və digər ləpələr, noxud və s.) verməyin, onların əlləri çata bilən yerlərə heç bir kiçik əşyalar qoymayın, kiçik uşaqları hər zaman nəzarətiniz altında saxlamağa çalışın!

Beləliklə, yad cisim uşağın tənəffüs yolunu bağlayanda, o boğulmağa başlayır, qışqıra bilmir, nəfəsi fışıltılı olur, sifəti əvvəl qızarır, sonra göyərməyə başlayır. Bu halda ailə üzvlərindən biri dərhal "təcili yardım" çağırmalı, digəri isə uşağa ilk tibbi yardım göstərməyə başlamalıdır. İlk növbədə uşağın ağzına baxıb yad cismin orada olub-olmadığını təyin edin.Yad cisim görünürsə çıxardın. Görünmürsə və ya çox dərindədirsə çıxartmağa çalışmayın - siz onu daha da dərinə itələyə bilərsiniz.

Dərhal aşağıda qeyd edilən tədbirlərə başlayın. (Bu tədbirlər yalnız uşaq öskürməyə və nəfəs almağa bilmədiyi halda həyata keçirilir!)

1 yaşınadək olan uşaqlara ilk tibbi yardımın göstərilməsi:

1. "Təcili yardım" çağırın!

2. Uşağı üzü aşağı olmaqla qolunuzun üzərinə uzadın. Qolunuzu aşağı salın ki, uşağın başı onun gövdəsindən aşağıda olsun.

Barmaqlarınızla uşağın çənəsindən tutun. Sərbəst əlinizlə uşağın kürəkləri arasına 5 dəfə vurun. (şəkil 1) Sonra yad cismin xaric olub-olmadığını yoxlamaq üçün uşağın ağzına baxın. (şəkil 3)

3. İlkin cəhd nəticə verməzsə, uşağı üzü yuxarı olmaqla dizlərinizin üzərinə uzadın. Bu zaman uşağın başı onun gövdəsindən aşağıda yerləşməlidır, başını tutun. Sərbəst əlinizin 2 barmağını uşağın döş gilələrindən bir az aşağıda olmaqla döş sümüyünün üzərinə qoyun.

Barmaqlarınızla uşağın döş sümüyünü cəld hərəkətlə 2 dəfə elə sıxın (döş sümüyü 1,5 - 2 sm enməlidir). (şəkil 2). Uşağın qarnını sıxmayın! Bu hərəkətdən sonra uşağın ağzını yoxlayın - yad cisim görünərsə onu xaric etmək lazımdır. (şəkil 3)

4. Əgər yad cisim görünməzsə, uşağı üzü aşağı olmaqla digər qolunuzun üzərinə uzadıb onun kürəyinə daha 5 dəfə vurun.

Bu iki üsulu bir-birini əvəz etməklə (kürəyinə 5 dəfə döyəcləmək, döş sümüyünü 5 dəfə sıxmaq) yad cisim xaric olanadək təkrarlayın. Adətən yad cism 1-ci dəfədən çıxır.

Bir qədər böyük yaş qrupunda olan uşaqlarda və boyüklərdə, tənəffüs yollarına yad cisim düşməsi zamanı ilk tibbi yardım fərqli surətdə aparılır:

1. İlk növbədə "təcili yardım" çağırın!

2. Əvvəl zərərçəkmişi üzü aşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun (şəkil 1) və kürəkarası nahiyəsinə bir neçə zərbə endirin.

3. Bu üsul kömək etmədiyi halda digər bir üsul istifadə olunur. Zərərçəkmişi arxadan qucaqlayıb  əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzun baş barmağını zərərçəkənin göbəyindən bir qədər yuxarı olmaqla qarının ortasına (yəni döş sümüyündən xeyli aşağıda olmaqla) sıxın.

Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla, tez və cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına təzyiq edin.

Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər davam etdirmək lazımdır. Adətən 1-2 hərəkətdən sonra yad cism xaric olunur.

Milli.Az


Etiketlər:  Uşaqlarda boğulma zamanı YARDIM Bunu hər bir valideyn bilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ