Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 11:38
Azərbaycan müstəqilliyinin geridə qalan 30 ili ərzində İranla münasibətlərdə zaman-zaman gərginliklər olsa da, iki ölkənin münasibətləri indiki qədər gərgin olmamışdı. Son günlər İran ilə Azərbaycan arasında yaşanan gərginlik artan xətt üzrə davam edir. Xüsusilə Amili kimi əyalət mollasının Azərbaycana qarşı təhqiramiz, təhdid xarakterli fikirlərindən sonra, İranın "ali dini lideri" Ayətullah Əli Xameneinin İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxışı və İranın yeni XİN rəhbəri Abdullahianın ölkənin televiziya kanalarından birinə müsahibəsində Azərbaycanı açıqca hədələməsi rəsmi Tehranın gərginiliyi artırmaqda maraqlı olduğunu göstərməklə yanaşı, bunun müəyyən plan üzrə edildiyini də təsdiq edən amildir. İranın dini və siyasi liderlərinin antiazərbaycan çıxışları bir daha onu göstərir ki, cənub sərhədlərimizdə keçirilən hərbi təlimlərin əsas hədəfi məhz Azərbaycandır.
Hələ 2000-ci illərin əvvəllərində Tehranın "dış" siyasəti Bakıda hiss olunurdu. Belə ki, həmin il İran təyyarələri Azərbaycanla sərhədi pozaraq bu yolla rəsmi Bakıya təzyiq etmək istədi. "Türk yıldızları"nın Bakı səmasında görünməsindən sonra İran hərbi təyyarələri sərhəddən uzaqlaşmağa başladılar. Bu azmış kimi torpaqlarımızın işğalı davam edərkən İran Araz çayı üzərində su elektrik stansiyasının tikintisinə başlamaq istədi. Bu, o deməkdir ki, sözügedən su elektrik stansiyasından erməni separatçıları faydalanacaqdılar. Bakının etirazından sonra İran tikintini təxirə saldı.
İranın ermənilərə dəstəyinin ardı-arası kəsilmədi...
Qarabağ separatçılarına yanacaq daşımağı ərazi bütövlüyünə hörmətsizlik, təhdid adlandıran Bakının İrana etirazı Tehran tərəfindən birmənalı qarşılanmadı və özbaşınalıqlarına davam etdilər. Bilə-bilə ki, bu addımları İran-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. İran rəsmiləri və dini dairələri bu mövzu haqqında açıqlama vermək əvəzinə, Azərbaycan-İsrail münasibətlərini hədəf aldılar ("Sionist rejim İranla sərhəddə yerləşib"). Göründü ki, İran üçün "din qardaşı", dost adlandırdıqları Azərbaycanla münasibətlərindən erməni amili daha önəmlidir. Tehranın bunu əyalət mollası vasitəsilə büruzə verməsi isə utancvericidir. Əslində, neçənci dəfədir ki, Amilinin xütbələri Azərbaycana qarşı təhdidlə doludur. Lakin hədə tonu ilə danışan İran üləmalarının işlətdikləri hər bir söz cəmiyyətdə hiddətlə qarşılanır. İran dövləti islam bayrağı altında rəsmən fəaliyyət göstərsə də, Azərbaycanın işğalı altındakı torpaqlarını tapdayan terrorçu Ermənistan dövləti ilə qardaşlıq münasibətlərini inkişaf etdirməsi və bu tendensiyaya ölkəmizi təhdid etməyə səy göstərən ayətullahlarla haqq qazandırmaq cəhdləri İran-Azərbaycan münasibətlərinə zərbədən başqa bir şey deyil.
Amma İran nə qədər mehriban qonşuluq, dini qardaşlıq münasibətlərindən bəhs etsə də, reallıq tam əksini göstərir. 44 günlük müharibə nəticəsində Ermənistanın tək Azərbaycan yox, islam, müsəlman düşməni olduğunu faktlarla təsdiq edən hadisələrin şahidi olduq. Məscidlərdə donuz saxlayan erməni işğalçılarına qarşı adını islam ölkəsi qoyan İranın bu sevdasına necə haqq qazandırmaq olar? Bəli, sevdası o qədər böyükdür ki, Azərbaycanın ölüm-qalım savaşı olan Vətən Müharibəsi günlərində belə, İrandan Ermənistana fasiləsiz olaraq hərbi təyinatlı yüklər, yanacaq, silah və sursat daşınmasının ardı-arası kəsilmədi.
İranın Azərbaycana "hücumunda" diqqət çəkən bir vacib detalla bağlı "sionistlərə qarşı mübarizə" iddiasına, "İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin mövcudluğuna dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq" kimi bəyanatlarına ötən gün Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı İlham Əliyev tutarlı cavabı ilə diqqət çəkib. Əliyev Bakının İran bazasını sərhəddə yerləşdirməsi kimi əsassız ittihamlarına və təlimlərə elə Araz sahillərindən reaksiya verdi:
"Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun".
Bir daha müharibədən sonra Ermənistana çıxışı böyük ölçüdə Bakının təsirinə düşən İran üçün Zəngəzur dəhlizi məsələsinin həyati əhəmiyyət daşıdığını gördük. Belə olmasaydı 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması məsələsinə maneəyə çevrilməzdi. Məhz Gorus-Qafan yolunda saxlanılan İran yük maşınları məsələsi də Tehran üçün göydəndüşmə bir bəhanə oldu deyə bilərik. Bu azmış kimi İranın müxtəlif rəsmiləri Avropa istiqamətindəki nəqliyyatda Azərbaycan tranzitindən imtina ilə bağlı bəyanatlar səsləndirirlər.
Bizə qarşı Ermənistan düşmənçilik edir, yoxsa İran?
Amma İran bu məqamları əsla unutmamalıdır. Çünki siyasət belə səhvləri bağışlamır. 2003-2005-ci illlərdə ABŞ İrana qarşı ərazimizdə hərbi baza yerləşdirməyə hazır idi. Eyni zamanda, Azərbaycandan İrana qarşı koalisiyaya daxil olmaq istənilirdi. Vaşinqton 2005-ci il seçkiləri öncəsi Bakını o dövrdə geniş yayılan rəngli inqilab ilə şantaj edirdi. Bakıya qarşı bütün bu kimi pressinqlər nəticə vermədi. Təzyiqlərin artmasına baxmayaraq Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan ərazisinin İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Təəssüflər olsun ki, 30 il ərzində İran bir dəfə də Azərbaycana təşəkkür etmədi, əksinə Bakını təhdid kimi gördü.
Ötən gün dövlət başçısının Araz Vadisi İqtisadi Zonasınının yaradılması ilə bağlı Fərman imzalaması da diqqətçəkən məqam oldu. Bu o deməkdir ki, bölgə Naxçıvandan Xudafərinə qədər eyni zonada birləşdirilir. Fərmanın ilk cümləsinə nəzər salsaq görərik ki, Bakı istəyinə çatmaq üçün bütün mümkün addımları atacaq: "Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır". Bu o deməkdir ki, belə bir zonanın yaradılması Zəngəzur dəhlizinin açılması perspektivlərinə hesablanıb və Naxçıvandan Xudafərinə qədər bölgəni əhatə etmək məqsədi var. Çox güman ki, Tehranın yuxusu bundan sonra daha da ərşə çəkiləcək.
Prezident İlham Əliyevin İranla sərhəddə yaxın ərazidən etdiyi növbəti "Bizim üçün bu format kifayətdir: Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir" açıqlaması Tehrana Azərbaycanla daha 15-20 il əvvəlki kimi təhdid dili ilə danışmağın boş, mənasız olduğundan agah olmaq üçün növbəti mesaj adlandırmaq olar. Bu çıxışı ilə Azərbaycan Prezidenti bir daha İran və Ermənistana havadarlıq edən qüvvələrə başa saldı ki, Azərbaycan müstəqil siyasət aparan ölkədir, heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Bu, bundan sonra da belə olacaq.
Təhməz Əsədov