Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 13:04
İranın dövlət xəbər agentliyi İRNA Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla diqqətçəkən bir müsahibə dərc edib.
Bu müsahibədə erməni nazirin cavabları IRNA-nın sual verməsi qədər maraqlı olmayıb. Aşağıdakı suala xüsusi diqqət yetirmək zərurəti yaranıb. "İranın Cənubi Qafqaza yanaşması bölgənin etnik və dini məsələlərinə deyil, bölgənin geosiyasi və coğrafi əhəmiyyətinə əsaslanır. Ermənistan İranın bu yanaşmasını necə qiymətləndirir?" sualını verməklə iranlı jurnalist sözün əsl mənasında nazirdən ölkəsinə tərif diləməsini istəyir.
Və bu məsələyə bir az daha ətraflı toxunmaq istərdik. Fakt budur ki, İran Konstitusiyasının 152-ci maddəsinə əsasən, bütün müsəlmanların hüquqlarının qorunması Tehranın xarici siyasətinin əsas prinsiplərindən biridir. Üstəlik, İran konstitusiyasının 154-cü maddəsi birmənalı şəkildə İranın dünya müsəlmanlarını dəstəkləməsinə ehtiyac olduğunu göstərir. Maraqlıdır ki, İranın dövlət xəbər agentliyi erməni nazirə sual verməklə, əslində müasir İran dövlətçiliyinin əsas doqmalarını inkar edir. Azərbaycan və Qarabağ münaqişəsi vəziyyətində, Tehranın dini həmrəyliyinin münaqişənin 30 ili ərzində heç bir şəkildə özünü göstərməməsi Bakıda dəfələrlə qeyd edilib. Bununla belə, Tehran ilk dəfə dövlət qurumu səviyyəsində və hətta Ermənistanın xarici işlər naziri ilə söhbətində İranın İslam həmrəyliyinin Cənubi Qafqaza - yəni yeganə müsəlman kimi Azərbaycana şamil edilmədiyini açıq şəkildə etiraf edib.
Sonda onu da qeyd etmək olar ki, bu cür açıqlamalar İranın Araz çayı sahilində keçirdiyi hərbi təlimlər və Bakıya qarşı çoxsaylı "sionizmi dəstəkləmək" ittihamları ilə müşayiət olunan İran və Azərbaycan arasındakı münasibətlərin görünməmiş dərəcədə kəskinləşməsi fonunda baş verir.
Kamran Seyidov