Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir ailədə iki qazi

Bir ailədə iki qazi

Tarix: 6 Oktyabr 2021 22:16

Vətən müharibəsi qazisi Fərid Sadıqov Füzuli uğrunda gedən döyüşlərdə yaralansa da, mübarizəni davam etdirir. Şuşa istiqamətindəki döyüşlərdə isə ikinci dəfə yaralanır. Bu dəfə yarası ağır olur...

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sadıqov Fərid Fazil oğlu 1999-cu il yanvarın 7-də Bakıda anadan olub. Həqiqi hərbi xidməti Goranboyda "N" saylı hərbi hissədə keçib. Həqiqi hərbi xidmətdən qayıtdıqdan qısa müddət sonra torpaqlarımızın azad edilməsi uğrunda döyüşlər başlayıb. Fəridin hərbi xidmət dövründə öyrəndiklərinin tətbiqi zamanı gəlmişdi. O da minlərlə Vətən oğlu kimi könüllü olaraq cəbhə xəttinə yollanıb. Suqovuşan, Füzuli, Kəlbəcər, Şuşa istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Füzuli rayonu uğrunda gedən döyüşlərdə minomyot atəşi nəticəsində qəlpə yarası alır. Gözləri qarşısında döyüş yoldaşlarının şəhid olması gənc döyüşçüyə aldığı yaranı unutdurur. O, silahdaşlarının qisasını alacağına and içərək döyüşlərə davam edir. Nifrət, qəzəb və qisas hissləri yorğun düşən qollarına təpər, ayaqlarına güc verir. Düşmənlə döyüşərək Şuşaya qədər irəliləyən Fərid Sadıqov ikinci dəfə yaralanır. Düşmən gülləsinə tuş gələn əsgərin bu dəfə yarası ağır olur. Yaralansa da, ürəyi rahat idi. Çünki intiqam andına sadiq qalaraq silahdaşlarının qisasını yağı düşməndən ala bilmişdi.

Ölkə başçısının müvafiq sərəncamları ilə Fərid Sadıqov "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Qazinin atası Fazil Sadıqov Birinci Qarabağ müharibəsi veteranıdır. F.Sadıqov Füzuli, Ağdam, Cəbrayıl, Laçın, Şuşada gedən döyüşlərdə iştirak edib.

Müharibə veteranı deyib: "Bizim dövrümüzdə çox çatışmazlıq var idi, silah yetməzliyindən əziyyət çəkirdik. Nizami ordu mövcud deyildi. Hazırkı Azərbaycan Ordusunun döyüş potensialı və peşəkarlığı yüksək səviyyədədir, maddi-texniki təchizatı müasirləşdirilib. Sevindiricidir ki, 30 ilə yaxın müddət keçsə də xalqın mübarizə əzmi qırılmadı. Qarabağı görməyən, o cümlədən doğma yurd-yuvasından qundaqda ikən məcburi köçkün düşən müasir gənclər öz qanları ilə tarix yazdılar. Oğlum Fəridlə qürur duyuram. Mənə döyüşlərə qatılacağını deyəndə ona xeyir-dua verdim. Özüm də Fərid kimi Nizami rayonu hərbi komissarlığına müraciət etsəm də, mənə gözləməyi tapşırdılar. Neçə illərdir torpaqlarımızda düşmənin at oynatması bir veteran kimi ürəyimi yaralayırdı. İkinci dəfə döyüşlərdə iştirak edib, yarımçıq qalmış işimi tamamlamaq istəyirdim. Mən Daşaltı istiqamətində gedən döyüşlərdə də iştirak etmişəm. Fərid də Şuşanın azad edilməsi uğrunda hərbi əməliyyatlarda iştirak edərək yaralanıb. Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşanı itirdik, bizim övladlarımız isə 2020-ci ilin noyabrın 8-də onu bizə qaytardılar. Bir sözlə, yarımçıq qalan işimizi davamçılarımız uğurla tamamladılar".

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib: "Biz şəhidlərimizlə, qazilərimizlə, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi".


Etiketlər:  ailədə qazi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ