Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 01:30
1 il 6 aylıq fasilədən sonra oktyabrın 1-dən teatrların fəaliyyətinə icazə verilib. Bir çox teatr mərkəzi yeni repertuarını hazırlasa da, bəziləri hələ mövsümü açmayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, hazırda aktyorlar məşqlərə başlayıblar.
Xalq artisti Firəngiz Mütəllimova Akademik Milli Dram Teatrının hazırda məşq prosesini keçdiyini söyləyib. Aktrisa bildirib ki, oktyabrın 15-də 1 il 6 aydan sonra səhnəyə çıxacaq:
"İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə 30 ildir mövsümü açır və bağlayırıq. Yenə də ənənəmizə sadiq qalacağıq. Amma bu dəfə sonluğu dəyişdik. Burada İbrahim bəyin xanımı Tuba xanım obrazını oynayıram. Bütün sevənlərimi tamaşaya gözləyirəm. Bilirəm ki, onlar da bizim kimi teatr üçün darıxıblar".
Xalq artisti Məleykə Əsədova da teatr həsrətinin məşqlərlə bitdiyini söyləyib:
"Elə indi də teatra gedirəm, məşq edirik. Uzun fasilədən sonra səhnəyə ilk olaraq "Cəhənnəm sakinləri" tamaşası ilə çıxacam. Sevimli haldır, doğma evimizə qayıtdıq. Biz evimizdən uzaq düşmüşdük. Tamaşaçıların qarşısına çıxmağı səbirsizliklə gözləyirəm. Fanatlarım da sosial şəbəkədə o qədər yazırlar ki... Bilirəm, hər zaman olduğu kimi bu dəfə tamaşam anşlaqla keçəcək".
Əməkdar artist, Akademik Musiqili Teatrının aktyoru Əkbər Əlizadə isə oktyabrın 30-da səhnəyə çıxmağın həyəcanını yaşadığını deyib:
"Məşqlərimiz başlayıb, çox sevincliyəm. Bütün repertuardakı tamaşaları yenidən məşq edirik. Yenidən bu səhnəyə çıxmaq zövq verir. Oktyabrın 30-da tamaşaçı qarşısına çıxmağa tələsirəm. Ümid edirəm ki, tamaşaçılarımızla bağlılıq tellərimiz bir də qopmaz. Bu fasilə uzun oldu".