Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyə məhz tələbə qızlar? - Bakıdakı problemi ARAŞDIRDIQ

Niyə məhz tələbə qızlar? - Bakıdakı problemi ARAŞDIRDIQ

Tarix: 14 Oktyabr 2021 13:14

Yeni tədris ili ilə əlaqədar ali məktəblərdə təhsilin bərpasından sonra xüsusilə Bakıda kirayə mənzil bazarında problem müşahidə olunur. Belə ki, tələbə oğlanların böyük əksəriyyəti dərslərin başlamasından artıq 2 həftə keçməsinə baxmayaraq hələ də kirayə mənzil tapmamaqdan narahatdırlar. Mənzilini kirayə verən şəxslər daha çox qız tələbələrə üstünlük verdiyindən ortaya belə bir problem çıxıb.

Sonxeber.net-ın araşdırması zamanı ev sahiblərinin niyə belə bir qərar verdiyi qismən də olsa məlum olub. Elan saytlarından birində mənzilini "Yalnız tələbə qızlara kirayə verilir" qeydini xüsusi qabardan şəxslərdən biri ilə əlaqə saxladıq. Qeyd edilən nömrəyə xanım cavab verdi. O, tələbə qızlara üstünlük verməyinin səbəbini belə izah edib: "İstəyirəm qız qalsın. Tələbə qızların mənzilimdə qalmasını istəyimdə xüsusi bir səbəb yoxdur. Sadəcə ev sahibi olaraq qadın olduğum üçün qızlarla daha asan dil tapa biləcəyimi düşündüyümdən belə qərar vermişəm".

Qızlara üstünlük verən digər ev sahibi ilə əlaqə saxlayarkən isə "Nə üçün məhz tələbə qızlar?" səbəbini açıqlayıb. Bəy ev sahibi olan bu şəxs isə mənzilinin yeni təmirdən çıxdığını və bu səbəbdən oğlan tələbələrin evdə siqaret çəkərək təmiri "zay" etdiklərini, mənzildə təmizliyə riayət etmədikləri üçün belə qərar verdiyini deyib.

Mənzilində yalnız tələbə qızları görmək istəyən növbəti əlaqə saxladığımız şəxs isə digərlərindən fərqli və bir o qədər də maraqlı bir səbəb gətirdi: "Oğlan tələbələr əksər hallarda evimə əks-cinsdən olan şəxsləri dəvət edirlər. Bu isə problemdir. Heç kim zəmanət verə bilməz ki, bunun davamında xoşagəlməz hadisələr olmayacaq. Başımı ağrıtmaq istəmirəm".

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə Sonxeber.net-a açıqlamasında mövcud problemin əsl səbəbini açıqlayıb:

"Əsas səbəblərdən biri, - tələbə oğlanlar evi natəmiz saxlayırlar. Yəni ən başlıca səbəbi budur. Mənzilini kirayə verənlər istəyirlər ki, evlərinə ziyan dəyməsin, evləri səliqəli saxlanılsın, evin əşyaları bərbad hala, yararsız vəziyyətə salınmasın, sıradan çıxarmasınlar. Təəssüflər olsun ki, bəli, tələbə oğlanların müəyyən hissəsi var ki, kirayə qaldıqları mənzillərə ciddi ziyan vururlar. Hətta bir neçə dəfə mənzilini kirayə verən ev sahiblərindən niyə məhz tələbə qızlara üstünlük verdiklərini soruşanda bizi həmin mənzillərinə dəvət ediblər, gedib baxmışıq ki, sanki orada elə bil insan yaşamayıb. Sanki orada qalan tələbə gənclər stullarla döyüşə çıxıblar. Stol, stullar qırıq-qırıq. Vəziyyətin indi belə olmasının da ən başlıca səbəbi budur. 

İkinci bir önəmli səbəb isə qızlardan fərqli olaraq kirayə yaşayan oğlan tələbələr evləri tez-tez dəyişə bilirlər. Çox halda bir neçə tələbə bir evdə kirayə qalır. Aralarında mübahisə düşən kimi biri digərindən aralanır ki, yox, mən artıq sənlə qalmaq istəmirəm. Bu zaman onlar mənzil sahibinə müraciə edirlər ki, məsələn, "biz 4 nəfər idik, iki nəfər getdi. Kirayə qiymətini yarıbayarı azaldın". Təbii ki, bu da kirayə verənə sərfəli olmur. Yəni bu baxımdan oğlan tələbələr bəzən 9 aylıq tədris müddətində bir neçə dəfə ev dəyişirlər. Hətta eləsi olub ki, 5 dəfə mənzil dəyişən tələbələrə rast gəlmişəm. Təsəvvür edin, onların orada gələn aylarda qalıb, qalmayacaqları qeyri-müəyyəndir. Əksəriyyəti üçün fərqi olmur harada qalmaları. Təki onlara yer olsun. Hətta bəzən kirayə ev verənlər şikayətlənirlər ki, hansısa bir müddətə, aya çatanda tələbə oğlan borclu qalır. O pulu verməmək üçün belə evi tərk edirlər. Qısacası, ev sahibinə ciddi ziyan vururlar". 

Təhməz Əsədov


Etiketlər:  Niyə məhz tələbə qızlar Bakıdakı problemi ARAŞDIRDIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ