Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qalxanvari vəzi fəaliyyətinin azalmasının simptomları və səbəbləri

Qalxanvari vəzi fəaliyyətinin azalmasının simptomları və səbəbləri

Tarix: 17 Oktyabr 2021 23:45

Qalxanvari vəzi orqanizmdə gedən bütün vacib proseslərində iştirak edən tireoid hormonları ifraz edir.

Bəzən müxtəlif səbəblərə görə vəz bu hormonları daha az miqdarda hazırlamağa başlayır ki, nəticədə insanda "hipotireoz" inkişaf edir.

Hipotireoz daha tez-tez hallarda qadınlarda təyin olunur.

Hipoterioz özünü bir çox müxtəlif simptomlarla büruzə verir.

- Belə insanlar özünü daim halsız, süst hiss edir, çoxlu yatır, lakin buna baxmayaraq yuxudan doymur, tez yorulur.

- Hipotireozu olan insanlar daim üşüyür, isti otaqda olmaq xoşlayırlar. Adi sağlam insan üçün çox isti olan otaq bu insanlar üçün komfortludur.

Hipotireoz zamanı orqanizmdə gedən mübadilə prosesləri ləngiyir və bu müxtəlif pozulmalara səbəb olur. Zəif gedən mübadilə prosesləri nəticəsində orqanizmi isindirmək üçün lazım olandan daha az miqdarda enerji ifraz olunur ki, bunun nəticəsində isə insan daim üşüyür.

- Hipotireoz bədən çəkisinin "səbəbsiz" artmasına gətirib çıxarda bilər.

- Bu pozulma zamanı tər və piy vəzilərin funksiyası azalır. Nəticədə bu insanların dərisi çox quru, saçlar isə çox zəif, quru olur, güclü tökülür. Hipoteriozu olan insan, demək olar, tərləmir.

- Hipoteriozdan əziyyət çəkən insanların bir çoxusunda anemiya (qanazlığı) inkişaf edir.

- Hipoterioz zamanı xəstədə tez-tez təkarlanan baş və bel ağrıları olur.

- Qadın və kişi cinsiyyət sistemlərində də pozulmalar inkişaf edir. Qadınlarda menstrual funksiya pozulur - menstruasiyalar qeyri-müntəzəm olur, klimaks daha tez başlaya bilər.  Kişilərdə potensiyanın zəifləməsi müşahidə olunur.

- Piylərin mübadiləsi pozulduğundan artıq xolesterin damarların divarlarında yığılmağa başlayır ki, bu damarların patoloji daralmasına səbəb olur. Bu səbəbdən xəstədə ürək nahiyəsində stenokardiya xarakterli ağrılar inkişaf edə bilər.

- Mədə-bağırsaq sistemində də müxtəlif pozulmalar yaranır. Həzm proseslərində ləngimə müşahidə olunur ki, bunun nəticəsində xəstədə iştahasızlıq, köp, qəbizlik kimi pozulmalar əmələ gəlir.

- Hipotireoz insanın xasiyyətində də dəyişikliklərə səbəb olur. Xəstələr ləng, ağır olur, heç nə ilə maraqlanmır, depressiyaya düşür. Onların nitqi ləng, mimikası az ifadəli olur. Xəstələrin yaddaşı və intellekti zəifləyir.

Hipotireoz müxtəlif səbəblərə görə inkişaf edə bilər:

- qalxanvari vəzi zədələnmələri nəticəsində (anadangəlmə anomaliyalar, iltihablar, cərrahiyə əməliyyatları və s.). Qalxanvari vəzi tam və ya qismən xaric olunduqdan sonra xəstəyə mütləq qalxanvari vəzi hormonları təyin olunur (həb şəklində). Bu həbləri insan ömrünün sonuna kimi qəbul etməlidir. Əgər xəstə həbləri qəbul etməzsə, bu halda onda hipotereoz inkişaf edəcək.

- hipotalamus və hipofizin infeksion, şiş və travmatik zədələnmələri;

- tireotoksikoz zamanı istifadə olunan "merkazolil" preparatın lazım olandan artıq miqdarlarda qəbul edilməsi. Məhz bu səbəbdən tireotoksikoza görə müalicə alan insan daim endokrinoloqun nəzarətində olmalı və ildə 2 dəfə qanda qalxanvari vəzi hormonların səviyyəsini yoxlamalıdır.

- havada, torpaqda, suda yod elementi az olan ərazilərdə yaşayan insanlarda da hipoterioz inkişaf edə bilər.

Bir çox hallarda hipotireozun inkişaf etmə səbəbini aşkar etmək mümkün olmur.

Özünüzdə hipotireozun əlamətlərini aşkar etdikdə mütləq endokrinoloqa müraciət edin. Nəzərə alın ki, uzun müddət ərzində müalicə olunmayan hipotireoz koma və ölümlə nəticələnə bilər.

Milli.Az


Etiketlər:  Qalxanvari vəzi fəaliyyətinin azalmasının simptomları səbəbləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ