Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadınların diqqətinə! Endometriumun hiperplaziyası təhlükəlidir

Qadınların diqqətinə! Endometriumun hiperplaziyası təhlükəlidir

Tarix: 28 Oktyabr 2021 23:21

Uşaqlığın daxili selikli qişası tibbdə "endometrium" adlandırılır.

Estrogenlərin (qadın cinsi hormonları) təsirindən endometrium böyüyür və qalınlaşır. Bu proses menstrual dövrünün əvvəlində (menstruasiyadan sonra təxminən 2 həftə ərzində) baş verir. Endometriumun müəyyən dərəcəyə kimi qalınlaşması hamiləliyin baş tutması üçün çox vacibdir. Mayalanma baş verdikdə döl uşaqlıq boşluğuna düşür və burada uşaqlığın  divarına implantasiyası edir ("yapışır"). Endometrium çox nazik olduqda bu baş vermir və qadın hamilə qalmır. Bunun səbəbi qadın orqanizmində olan hormonal pozulmalardır.

Estrogenlər uşaqlığın selikli qişasının böyüməsini təmin edir. Digər qadın cinsi hormonu olan progesteron isə əksinə bu prosesi tormozlayır və endometriumun həddən artıq qalınlaşmasına mane olur. Bu proses pozulduqda endometrium həddən artıq böyüyür və qalınlaşır və nəticədə endometriumun hiperplaziyası (hiper - "həddən artıq", "çox") inkişaf edir. Hiperplaziya bütün endometriumu və ya endometriumun bəzi sahələrini əhatə edə bilər.

Hiperpaziyanın əsas səbəbi qadın orqanizmində estrogenlərin səviyyəsinin artmasıdır.

Estrogenlərin səviyyəsinin artması bu kimi hallarda mümkündür:

- Tərkibində estrogenlər olan (proqesteron isə olmayan) dərmanların uzun müddət ərzində qəbulu.

- Menopauza (klimaks) dövründə

- Polikistoz yumurtalıqlar sindromu olan qadınlarda

- Piylənmədən əziyyət çəkən qadınlarda (qadın orqanizmində piy toxuması da estrogenləri ifraz edir)

- Yumurtalıqlar şişləri zamanı

Hiperplaziyanın simptomları:

- Menstruasiya zamanı qanaxmanın həddən artıq güclü olması və menstruaisya vaxtının uzanması

- Qadın cinsiyyət yollarından menstruasiya ilə əlaqəsi olmayan qanlı ifrazatlar

- Menopauza dövründə uşaqlıq yolundan qanlı ifrazatların olması. Ümumillikdə menopauza (klimaks) dövründə olan qadında menstruasiyalar tam kəsildikdən sonra uşaqlıq yolundan istənilən qanlı ifrazatlar təhlükəli simptom sayılır. Bu xərçəngin və ya hiperplaziyanın əlaməti ola bilər.

Hiperplaziya təhlükəli pozulma sayılır. Bu pozulma qadında ağır qanaxmalara və bunun nəticəsində anemiyaya (qanazlığı) səbəb ola bilər.

Cavan qadınlarda hiperplaziya sonsuzluğun inkişafına səbəb ola bilər.

Ən əsas məsələ isə odur ki, hiperplaziya xərçəngə keçə bilər.

Hiperplaziyanın diaqnozu ginekoloji baxım, USM və histeroskopiya (xüsusi optik cihazın köməyi ilə uşaqlığın boşluğunun müayinəsi) əsasında qoyulur.

Histeroskopiya zamanı uşaqlığın selikli qişasının kiçik hissəsi götürülür və mikroskopik müayinə olunur. Müayinə zamanı atipik (xərçəng) hüceyrələrinin olub-olmaması təyin edilir.

Hiperplaziyanın müalicəsi qadının yaşından, ümumi vəziyyətindən, qadının gələcəkdə ana olmaq istəyindən və s. amillərdən asılıdır.

Müalicə zamanı proqesteron tərkibli preparatlar istifadə olunur. Bu preparatlar çox yaxşı effekt verir və 3-6 ay müddətində hiperlaziya əksər qadınlarda yox olur.

Əgər müayinə üçün götürülmüş hüceyrələrin mikroskopik müayinəsi zamanı xərçəngin riski aşkar olunarsa, qadına uşaqlığın xaric olunması tövsiyə oluna bilər. Bu əməliyyat gələcəkdə qadını uşaqlıq xərçənginin inkişafından qoruyur.

Milli.Az


Etiketlər:  Qadınların diqqətinə Endometriumun hiperplaziyası təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ