Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naringilər “Bayraktar”lara qarşı

Naringilər “Bayraktar”lara qarşı

Tarix: 30 Oktyabr 2021 19:14

Ayfonun yeni modelləri kimisə təəccübləndirir? Heç kimi, burada təəccüblü nə var ki, adətkərdəyik. Ancaq hələ ötən il satış hitinə çevrilən və lider mövqelərini inamla qoruyub saxlayan Türkiyə PUA-ları tamam başqa mövzudur. Türkiyənin dünyaya təklif etdiyi sadəcə silah deyil - "Bayraktar"ları hər dəfə ağılla işlətmək Liviyadan Cənubi Qafqazadək uzunmüddətli və dondurulmuş münaqişələri həll edərək geosiyasi dəyişikliklərə aparıb çıxarır.

İndi də onların Ukraynada vaxtı gəlib çatıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə PUA-sının Donbasda ilk dəfə tətbiq olunmasından ehtiyatla danışıb, Ankara ilə çox yaxşı münasibətləri xatırlatmağı da unutmayıb. Ancaq Peskov sadəcə Kremlin görünən fasadıdır, tutduğu mövqe ona emosiyalarını nümayiş etdirməyə icazə vermir. Rusiya Müdafə nazirliyinə yaxın olan real mütəxəssislər isə öz həyəcanlarını gizlətmirlər.

"Bu uçuşlar bundan sonra normaya çevriləcək və Donbas müdafiəçilərinin Telman rayonunda və Novoazovskda bütün yerdəyişmələrini qeydə almağa imkan verəcək", - onlar hesab edirlər.

Bu vaxt daha bir təhlükəni də vurğulayırlar: "Türkiyənin MAM-L mərmiləri düzgün hədəfə yetişib. Nişangahın çarpazı qaubitsaya tuşlanıb, aviabomba da elə oraya uçub. Hədəf dəqiqliklə vurulub. Ukraynalılar hələlik Türkiyənin sınaqdan çıxmış MAM-L mərmilərindən istifadə edirlər, ancaq tezliklə Donbasda yeni MAM-T mərmiləri də peyda olacaq. Onlar 30 km. məsafəyə uçur. Ukraynalılara cəbhə xətti üzərindən uçmağa da ehtiyac qalmayacaq. Öz ərazində oturub sakitcə bombala... Bəs DNR və LNR-in "Bayraktar"ları məhv etməyə siyasi iradəsi çatacaqmı - budur əsas sual".

Ancaq Moskvanı narahat edən təkcə bu sual deyil. Artıq Qırğızıstan da "Bayraktar" alır. Həmçinin bəlli oldu ki Türkiyənin TUSAŞ şirkəti ANKA-S həmlə PUA-larının satışı ilə bağlı Qazaxıstanla danışıqları uğurla tamamlayıb. Söhbət "Bayraktar" yuvasının yeni körpəsindən gedir və o, "valideyn"indən də üstündür.

"Bayraktar" üçün yüksəklik 7 km.-dir, ANKA-da isə 8-9 km. Əgər "Bayraktar"ın döyüş yükü ilə uçuş kütləsi 650 kiloqramdırsa, yeni "körpə"də 1600 kiloqramdır.

Qazaxıstan ANKA-S kompleksinə 80 milyon dollar sərf edəcək. Bu qiymətə daxildir: 200 raketlə birlikdə 3 PUA kompleksi, iki idarəetmə mərkəzi, illik texniki xidmət və Qazaxıstan mütəxəssislərinin Türkiyədə hazırlanması. Və əsas nüans - Qazaxıstan da, Qırğızıstan da KTMT-nin (Kollektiv təhlükəsizlik haqda müqavilə Təşkilatının) üzvüdür. O cümlədən, Qırğızıstanda rusların "Kant" aviabazası və Rusiya Müdafiə Nazirliyinin bir neçə hərbi obyekti yerləşib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Moskva özünü onunla sakitləşdirir ki, Mərkəzi Asiya dövlətləri yalnız bir variantı seçməyə hazır deyil və ehtiyat variantları da nəzərdən keçirəcək. Və ümumiyyətlə, onların "Bayraktar"a olan marağı sonuncunun güclü reklamı ilə əlaqədardır. Bununla belə, türklərə çox fəal olmamaq üçün xəbərdarlıq etməyi də unutmurlar - Rospotrebnadzor oktyabrın 28-dən Rusiyaya Türkiyədən naringi idxalını dayandırır. Sən demə, onların tərkibində "zərərli maddələr", daha dəqiq söyləsək, "Xlorpirifos" pestisidinin qalıq miqdarı aşkarlanıb.

Bu pestisidin antirus xarakter daşıdığı tamamilə aydındır. Eynilə Ərdoğanın BMT-də çıxışından sonra türk pomidorlarında tapılan "qırışıqlıq virusu" kimi. Həmin çıxışında isə Ərdoğan Ankaranın Krımı heç vaxt Rusiya ərazisi saymayacağını bildirmişdi.

"Bayraktar"larla naringilər arasında başlayan epik savaş heç də ilk baxışda göründüyü qədər komik deyil. Ankara bütün dünyada öz maraqlarını irəli çəkir və istər-istəməz Moskvanın qabarlarını tapdalayır. Rusiya-Türkiyə münasibətlərinin münaqişə potensialı get-gedə artır. Tərəflər özlərini dost və əməkdaş adlandırsa da, aydın olur ki, sürüşüb yıxılmaq üçün naringi qabığı da yetərlidir.


Etiketlər:  Naringilər Bayraktarlara qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ