Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-mütəxəssis: Yüksək qan təzyiqi problemi 60 faiz hallarda...

Həkim-mütəxəssis: Yüksək qan təzyiqi problemi 60 faiz hallarda...

Tarix: 31 Oktyabr 2021 22:39

Yüksək qan təzyiqi (hipertenziya) bütün orqanlar, xüsusilə də böyrəklər üçün çox təhlükəlidir. Ona görə də böyrək xəstəliklərinin müalicəsi, adətən, hipertenziyanın müalicəsi ilə yanaşı aparılır. Yüksək qan təzyiqi riskini artıran səbəblər çoxdur. Burada yaş, cinsiyyət, genetika, çəki və yanaşı xəstəliklər ciddi rol oynayır. Yaş artdıqca qan təzyiqinin yüksəlmə riski də artır. Problem, əsasən 35-50 yaşlarında daha çox müşahidə olunur. Araşdırmalara əsasən, yüksək qan təzyiqi xəstəliyi 60 faiz hallarda genetik faktorlarla əlaqəlidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-nefroloq Barat Yusubov hipertenziyaya səbəb olan amillər barədə danışarkən deyib.

Həkim-mütəxəssis qeyd edib ki, hipertenziyaya 50 yaşdan aşağı kişilərdə daha çox rast gəlinir: "Lakin 50-55 yaş qrupuna aid kişilər və qadınlarda xəstəlik, demək olar ki, eyni dərəcədə müşahidə olunur. Yaşı 55-dən yuxarı olan qadınlarda isə yüksək qan təzyiqi probleminə digərlərinə nisbətən daha çox rast gəlinir. Təsiredici faktorlardan biri də, təbii ki, bədən çəkisidir. Təsadüfi deyil ki, piylənmədən əziyyət çəkənlərin 40 faizində yüksək qan təzyiqi problemi mövcuddur. Qeyd edək ki, yüksək qan təzyiqi olan gənc xəstələrin 30 faizindən çoxu artıq çəkidən əziyyət çəkir. Bundan başqa, şəkərli diabeti olan xəstələrdə də yüksək qan təzyiqinə daha çox rast gəlinir. Həddindən artıq duz istifadəsi də yüksək qan təzyiqi probleminə yol açan səbəblərdən biridir. Həmçinin daha çox oturaq həyat keçirmək və fiziki aktivliyin zəifləməsi hipertenziya riskini artırır. Nəzərə almaq lazımdır ki, əsəb, sinir gərginliyi də bütün vücuda mənfi təsir göstərdiyi kimi, yüksək qan təzyiqinə də səbəb ola bilər".

B.Yusubovun dediyinə görə, hipertenziya 90-95 faiz hallarda yanaşı xəstəliklərlə əlaqəli olmur: "Bu, birincili hipertenziya adlanır. Digər 5-10 faiz xəstələrdə isə yüksək təzyiq problemi yanaşı xəstəliyin nəticəsi kimi meydana çıxır. Buna isə ikincili hipertenziya deyilir. İkincili hipertenziyanın yaranmasına duzlu yeməklərlə qidalanmaq, böyrək və böyrəküstü vəzlərin (adrenal) xəstəlikləri, anadangəlmə aortanın (damar) bir hissəsinin dar olması, tiroid vəz problemləri (hipertiroidi, hipotiroidi) və s. kimi amillər səbəb ola bilər".


Etiketlər:  Həkim mütəxəssis Yüksək təzyiqi problemi faiz hallarda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ