Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan-İran narkotik yoluna zərbə - TƏFƏRRÜAT

Ermənistan-İran narkotik yoluna zərbə - TƏFƏRRÜAT

Tarix: 3 Noyabr 2021 14:44

Türkiyənin nüfuzlu "Yeni safak" qəzetinin köşə yazarı Bülent Orakoğlu yazır ki, Qarabağın işğaldan azad edilməsi ilə Ermənistan-İran narkotik birliyinə də ciddi zərbə vurulmuş oldu.

Milli.Az xəbər verir ki, müəllifin qeydlərinə görə, Azərbaycanın nəzarətinə keçdikdən sonra Qarabağda xeyli miqdarda narkotik vasitə ələ keçirilib. Qarabağda narkotik paylayıcı fabrik və Zəngilana tunelləri olan ötürmə xətti tapılıb. İşğal zamanı xəttin erməni əsgərləri tərəfindən qorunduğu da bəlli olub.

Qarabağda təhlükəsizliyi təmin edən Azərbaycan əsgərləri yoxlamalar zamanı xeyli miqdarda narkotik maddə də tapıblar. Narkotiklərin becərilməsi, toplanması, emalı və paylanması üçün istifadə edilən rayon narkotiklərin tranzit mərkəzinə çevrilib. Ermənistanın işğalı zamanı nəzarətsiz vəziyyətdə olan 132 km-lik İran sərhəd xəttində hərəkət etmək asan idi. Bildirilir ki, sözügedən xətt üzrə 3 keçid məntəqəsi narkotik qaçaqmalçılığında intensiv istifadə olunur. İşğaldan təmizlənmiş torpaqlarda yenə sistemli narkotik ticarətinin tapıntıları aşkar edilib. Cəbrayıl bölgəsində İran və Ermənistanla ortaq fəaliyyət göstərdiyi müəyyən edilən narkotik paylayıcı fabrik aşkarlanıb. Narkotikin buradan Cəbrayıl və Zəngilan rayonlarında açılan tunellər vasitəsilə İrana, oradan isə Avropaya aparıldığı bildirilir. İşğal zamanı bu xəttin erməni zabit və əsgərlərinin xüsusi mühafizəsi altında fəaliyyət göstərdiyi öyrənilib.

Dördüncü marşrut

Müəllif yazır ki, dünyada Qafqazı əhatə edən 3 narkotik xətti məlumdur. Bu xətlər - Əfqanıstan-Pakistan-İran-Azərbaycan xətti, Əfqanıstan-İran-Azərbaycan xətti və Əfqanıstan-Orta Asiya-Azərbaycan xəttidir. Azərbaycan mənbələri Əliyevin açıqlamalarından sonra bu tranzit şəbəkələrinə dördüncü marşrut kimi "Əfqanıstan-İran-Qarabağ" xəttinin əlavə edildiyini bildirir. Azərbaycanın Qarabağı azad etməsindən narahat olan İran son 2 aydır ki, bu bölgədəki ermənilərə yük maşınları ilə material və yanacaq göndərir. Azərbaycanın xəbəri olmadan Laçın dəhlizindən istifadə edilən yükdaşıma Bakının notasına baxmayaraq dayandırılmayıb.

İran Azərbaycan, Türkiyə və Pakistanın "3 Qardaş" təlimindən sonra Azərbaycan sərhədində hədə-qorxu gəlmək üçün təlimlər keçirib. Sərhəddə hərbi birləşmələr də var. Qarabağ müharibəsində Ermənistanı silahla təmin edən İran bu mövqeyini qoruyur. İran yük maşınları və yanacaq maşınları iyul-avqust aylarında Azərbaycanın xəbəri olmadan Qarabağa daxil olaraq Laçın dəhlizi ilə Xankəndinə ermənilərə yardım aparıb. Keçid üçün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgələrdən istifadə edilib.

"Düşünürəm ki, İranın Azərbaycanla problemi Əliyevin Ermənistanla İran arasında narkotik ticarətini deşifrə etməsidir. Ermənistanda narkotik ticarətinin dövlət himayəsi altında həyata keçirildiyi məlumdur. Bəs İran?", -  deyə müəllif sonda yazıb.

Azər Nuriyev
Milli.Az


Etiketlər:  Ermənistan İran narkotik yoluna zərbə TƏFƏRRÜAT


RƏYLƏR