Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 23:22
Vətən müharibəsində Füzulidən Laçınadək düşmən üzərinə irəliləyən igid oğullarımızdan biri də kəşfiyyatçı, kiçik çavuş Əkrəm Abdullayevdir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Cəlilabadın Qarakazımlı kəndindən olan Abdullayevlər ailəsinin iki övladı - Camal və Əkrəm qardaşları da torpaqlarımızın bütövlüyü uğrunda başlayan Vətən müharibəsində cəbhənin ən qaynar nöqtələrində düşmənə qan uddurub. Qorxmaz kəşfiyyatçı Əkrəm 30 gün əsl hünər, rəşadət göstərib, şəhidlik məqamına yüksəlib.
Atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Azad Abdullayev deyir ki, Əkrəmin döyüş yolu Füzulidən başlayıb, Qubadlı və Laçına kimi döyüşüb: "Bu şəkli özü Qubadlıda olanda çəkib atmışdı mənə. Ondan bir xatirə olaraq saxlayıram. Oğlum arzusuna çatdı, torpaqları azad edib şəhid oldu".
Şəhidin anası Əminə Abdullayeva isə oğlu ilə sonuncu dəfə oktyabrın 28-də danışdığını söyləyir. "Dedi, ana məndən ötrü narahat olmayın. Şükürlər olsun, vəziyyətimiz yaxşıdır. Düşməni torpaqlarımızdan qovuruq. Qələbə bizim olacaq. Atamın ala bilmədiyi yerləri biz işğaldan azad edəcəyik. İki oğlum müharibədə idi. Biri salamat qayıtdı, biri də şəhid. Övladlarımla fəxr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin", - deyə o vurğulayıb.
Qardaşlar döyüşlərə eyni hərbi hissənin tərkibində başlasalar da, bir müddət sonra yolları ayrılıb. Camal qardaşının şəhid olduğunu hospitalda eşidib: "Müharibə vaxtı bir-birimizlə əlaqə saxlayırdıq. Sonuncu dəfə mən yaralı olanda danışmışdıq. Sonra yenidən hərbi hissəyə qayıtdım. Amma qardaşımla əlaqə saxlaya bilmədim. Qardaşımın şəhid olmasını mənə atam dedi. Vətən sağ olsun!"
Qələbəmizdə misilsiz xidmətləri olan cəsur qardaşların döyüş meydanındakı hünər və rəşadəti də yüksək qiymətləndirilib. Camal Abdullayev 4 medalla, şəhid Əkrəm Abdullayev isə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.