Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 21:30
Bütün dünyada portağal şirəsi ən çox sevilən və içilən şirə sayılır.
Portağal şirəsi ən dadlı şirələrdən biridir. Bundan əlavə portağal şirəsi həmçinin çox faydalıdır. Onun tərkibində çox miqdarda A və C vitaminləri var. A və C vitaminləri ən güclü antioksidantlardır. Bu o deməkdir ki, bu vitaminlər orqanizmi qocalmaqdan və dağılmaqdan qoruyur, orqanizmi cavanlaşdırır.
Bir çox ölkələrdə təbii portağal şirəsi səhər yeməyinin zəruri atributudur. Portağal şirəsi orqanizmin tonusunu qaldırır, orqanizmi oyadır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Portağal şirəsi müxtəlif damar xəstəliklərinin ən yaxşı profilaktik vasitəsi sayılır. Bu şirənin tərkibində olan maddələr damarları daha möhkəm və elastik edir, tromblaşmanın qarşısını alır. Portağal şirəsi xüsusilə ateroskleroz, insult, infarkt kimi pozulmaların profilaktik vasitəsidir.
Sübut olunub ki, portağal şirəsi nevroz və depressiyalardan əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdırır.
Soyuqdəymə və qripp zamanı portağal şirəsinin qəbulu xəstənin vəziyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir, sağalmanı tezləşdirir.
Portağal şirəsi müxtəlif vacib minerallarla zəngindir. Burada kalium, kalsium, sink, maqnezium, mis, fosfor, yod və s. kimi orqanizmin normal fəaliyyəti üçün olduqca vacib olan minerallar var.
Portağal şirəsi orqanizmi şlaklardan, toksinlərdən və s. ziyanlı maddələrdən təmizləyir, iştahanı yaxşılaşdırır.
Bu şirə böyrək daşı xəstəliyinin profilaktik vasitəsi sayılır.
Portağal şirəsi ürək üçün də çox faydalıdır.
Araşdırmalar nəticəsində portağal şirəsinin sümüklərə və oynaqlara olan müsbət təsiri məlum oldu.
Nəzərinizə çatdıraq ki, yalnız təbii portağal şirəsi (dükanlarda satılan şirələr yox!) orqanizmə fayda verə bilər.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayraq portağal şirəsinin müəyyən mənfi xüsusiyyətləri də var. Belə ki, portağal şirəsi mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir. Bu səbəbdən mədə və 12 barmaq bağırsağı xorası, mədənin turşuluğunun artması, bir çox bağırsaqlar xəstəlikləri zamanı bu şirənin qəbulu əks-göstərişdir. Lakin hətta tam sağlam insanlar da təbii portağal şirəsini su ilə durulaşdırıb içməlidir.
Həmçinin şəkərli diabet zamanı da portağal şirəsini içmək olmaz.